Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib.
Doğru.az xəbər verir ki, məlumat Milli Hidrometeorologiya Xidməti-nin proqnozuna əsaslanır.
Bildirilib ki, qarşıdakı günlərdə güclü külək və müxtəlif intensivlikdə yağıntılar gözlənilir. Bu isə yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək əlavə risklər yaradır.
Yol polisi sürücülərə sürəti hava və yol şəraitinə uyğun seçməyi, təhlükəsiz ara məsafəsini qorumağı, kəskin manevr və əsassız ötmələrdən çəkinməyi tövsiyə edir. Nəqliyyat vasitələrinin işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda uzaq işıqlardan istifadə edilməməsi də vurğulanıb.
Piyadalara isə məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək və daha diqqətli olmaq tövsiyə edilib. Xüsusilə küləkli havada motosiklet, moped və skuter istifadəçilərinin aşma riskinin artdığı bildirilib.
Qeyd olunub ki, mövcud hava şəraitində hər kəsin məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.
DOĞRU.AZ

























