Mayın 20-də “Sea Breeze” kurort şəhərində qarşıdan gələn “DREAM Fest” musiqi festivalı və 2025-ci ilin yay mövsümünə planlaşdırılan layihələrə həsr olunmuş mətbuat konfransı keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə çıxış edən sənətçi və prodüser Emin Ağalarov builki “DREAM Fest”in yenilənmiş konsepsiyasını təqdim edib. Onun sözlərinə görə, bu il festival daha dinamik olacaq, ifaçıların solo çıxışlarına geniş yer veriləcək. Festivalın aparıcısı tanınmış teleaparıcı Regina Todorenko olacaq.
Musiqi proqramında həm yerli, həm də beynəlxalq ulduzların iştirakı nəzərdə tutulur. Yeni ifaçılar arasında “Ruki Vverkh”, In-Grid və Aqua kimi məşhur qruplar yer alır. Eyni zamanda Nicole Scherzinger, JONY, Timati, Egor Creed, MOT və digər tanınmış sənətçilər səhnə alacaqlar.
Emin Ağalarov bildirib ki, dostu və tərəfdaşı Timur Vaynşteynlə birlikdə Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xüsusi gecənin konsepsiyası üzərində çalışırlar:
“Bu dəfə gənc ifaçıların iştirakı ilə Maqomayevin mahnılarına yeni yanaşma təqdim olunacaq. Düşünürəm ki, bu parlaq və yaddaqalan bir axşam olacaq.”
Konfrans zamanı Anar Məmmədxanovun xatirəsinə həsr olunan və iyulun 18-də keçiriləcək “Yumor Fest” tədbiri də təqdim olunub. Gülüş bayramında tanınmış sənət adamlarının iştirakı ilə zəngin proqram gözlənilir.
Ağalarov həmçinin qeyd edib ki, “Sea Breeze”də həyata keçirilən layihələr mədəni mühitin formalaşmasında və daxili turizmin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, yaxın zamanda prodüser Yana Rudkovskaya ilə birgə kurort ərazisində çoxfunksiyalı buz arenasının yaradılması planlaşdırılır:
“Burada buz şouları təşkil etmək, fiqurlu konkisürmə və xokkey üzrə təlimlər keçirmək istəyirik.”
Sənətçi Qarabağda festival keçirilməsi ehtimalı ilə bağlı Doğru.az-ın sualını da cavablandırıb:
“Əgər hökumət icazə versə, mən festival keçirmək istərdim. Bir neçə il əvvəl Kəlbəcərdə əsgərlər üçün şou proqram təşkil etmişdik. Yenidən belə bir tədbir etmək mənim üçün böyük şərəf olar. O vaxt Conni və digər sənətçilər də iştirak edirdilər. Bu, mənim üçün çox unudulmaz anlar idi.”
Zeynəb Abbasova
DOĞRU.AZ