image-n1karobka_ads
image-123
image-img-20250509-wa0089backend

Əbədi Birliyin Təminatçısı – Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir baş tutdu.”

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədi Birliyin Təminatçısı: Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirildi. Tədbirin aparıcısı uzun müddət birliyin Şimali Kipr nümayəndəliyini təmsil etmiş tanınmış jurnalist Serdar Şengül idi.

Tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın rəhbəri Çingiz Qənizadə, qazilər, müharibə iştirakçıları, tanınmış siyasət, elm və mədəniyyət xadimləri iştirak etdilər.

Tədbir Ulu Öndər Heydər Əliyev və Türk dünyası şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan-Türkiyə himnlərinin səsləndirilməsi ilə başladı.

Milli Məclis sədrinin müavini Musa Qasımlı çıxışında Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, Azərbaycançılıq ideologiyasının formalaşması və Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsində oynadığı əvəzsiz rolu xüsusi vurğuladı. O bildirdi ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının tarixi liderlərindən biridir.

Çingiz Qənizadə isə gənclərin milli və mənəvi dəyərlər ruhunda tərbiyəsində bu cür tədbirlərin önəmini qeyd etdi, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəaliyyətini yüksək dəyərləndirərək təşkilata uğurlar arzuladı.

Daha sonra çıxış edən qazilər, müharibə iştirakçıları və ziyalılar Ulu Öndərin müstəqil Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən söz açdılar. Onlar Heydər Əliyev siyasi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladılar.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu, azərbaycanlı dombra ifaçısı Adnan Əmirli tərəfindən “ErTuran – Türk Qanı” əsəri səsləndirildi.

Tədbirin sonunda “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışdı, Heydər Əliyev irsinin yaşadılması və Türk birliyinin gücləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirdi. O, tədbirin təşkilinə dəstək verən hər kəsə təşəkkürünü çatdırdı.

Şahin Əliyev Doğru.az-a müsahibəsində bildirdi:

“Bu gün Ulu Öndər Heydər Əliyevin adını daşıyan tədbirimizi yüksək səviyyədə keçirdik. Dəyərli qonaqlarımız – Milli Məclis sədrinin müavini Musa Qasımlı, Çingiz Qənizadə və Şimali Kiprdən gəlmiş jurnalist, tədbirin aparıcısı Serdar Şengül bu günümüzə xüsusi rəng qatdılar. Tədbirdə həm Ulu Öndərin Türk dünyası üçün əhəmiyyətini vurğuladıq, həm də onun ideyalarına sadiq olduğumuzu bir daha nümayiş etdirdik. Mətbuat nümayəndələrinə də təşəkkür edirəm.”

Şimali Kiprli jurnalist Serdar Şengül isə Doğru.az-a verdiyi müsahibəsində dedi:

“Əvvəla, əziz Azərbaycan xalqını salamlayıram. İlk dəfə Azərbaycan torpaqlarında Şimali Kiprdən gəlmiş jurnalist olaraq çıxış etdiyim üçün qürur hissi keçirirəm. Bu mühüm tədbirin Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümündə baş tutması mənim üçün böyük şərəfdir. Bu gün Kipr məsələsi dünyanın gündəmindədir. Şimali Kipr dövlətinin arxasında ana vətənimiz Türkiyə və ata vətənimiz Azərbaycan dayanır. Mən artıq həyatımı bu gözəl ölkədə – Azərbaycanda davam etdirməyi planlaşdırıram. Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm.”

Zeynəb Abbasova

DOĞRU.AZ

image-img-20250509-wa0084 image-img-20250509-wa0085 image-img-20250509-wa0088image-img-20250509-wa0087

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki