image-n1karobka_ads
image-123
image-img-20250507-wa0226backend

Beynəlxalq Yoqa Festivalı: Ruhun Sükunəti, Bədənin Ahəngi

Bakıda keçirilən Beynəlxalq Yoqa Festivalı bir daha sübut etdi ki, yoqa sadəcə idman növü deyil, həyat fəlsəfəsidir. 60-dan çox ölkədən gəlmiş iştirakçılar, dünya səviyyəli yoqa müəllimləri və yüzlərlə yerli insan bir araya gələrək unikal enerji və harmoniya mühitində birləşdi.

Festivalın iştirakçılarından biri, Hindistanda təhsil almış yoqa mütəxəssisi Sahib Xudaverdiyev, təəssüratlarını Doğru.az-a bölüşdü:

“Təlimlərimi Hindistanda keçmişəm. Festivalda müxtəlif ölkələrdən qonaqlar və tanınmış masterlər iştirak etdi. Bu, təkcə tədbir deyil, bir ruhani birliyin nümayişi idi,” – deyə o vurğuladı.

Yoqa üzrə mütəxəssis, həmçinin onun insan həyatında oynadığı mühüm rola da toxundu:

“Yoqa yalnız fiziki güc deyil, daxili sakitlik və balansdır. Müasir insan daim gərginlik içindədir. Yoqa bizə bu gərginlikdən çıxış yolunu göstərir, bədənimizi gücləndirir, ruhumuzu sakitləşdirir. İnsan rahatlıq tapır və daxili harmoniyaya doğru irəliləyir,” – deyə Sahib Xudaverdiyev qeyd etdi.

Festivalda yüzlərlə insan müxtəlif zal və məkanlarda keçirilən dərslərə, praktik sessiyalara qoşuldu. Sahib müəllimin keçdiyi dərs də xüsusi maraqla qarşılandı:

“Mənim də dərsim oldu və çox gözəl keçdi. İnsanların razı qalması, üzlərindəki gülüş, yayılan pozitiv enerji mənə bir daha sübut etdi ki, yoqa maraqlı və möhtəşəm bir dünyadır. Bu cür festivallar insanlara enerji, sevinc və yeni baxış bucağı bəxş edir,” – deyə o sevincini bölüşdü.

Yoqa Festivalı bu il də ruhların toxunduğu, bədənlərin dinləndiyi və könüllərin birləşdiyi nadir anlarla yadda qaldı. Bu tədbir bir daha göstərdi ki, harmoniya – bədən, ruh və zehnin birliyində gizlidir.

DOĞRU.AZ

image-dsc03109

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki