İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri davam edir.
Doğru.az xəbər verir ki, bu işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyur. Dövlət tərəfindən bölgələrin innovativ, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi zonalara çevrilməsi planlaşdırılır.
Strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi nəzərdə tutulub. Bu plan regional ticarət və logistika mərkəzinin yaradılmasını, işğaldan azad edilmiş ərazilərə yeni iqtisadi axının təmin edilməsini, nəqliyyat infrastrukturunun gücləndirilməsini və yeni sahibkarlıq fəaliyyəti üçün imkanların artırılmasını hədəfləyir.
Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir və bölgənin iqtisadi inkişafına töhfə verəcək. Hər bir işğaldan azad edilmiş rayonun özünəməxsus iqtisadi funksiyası olacaq ki, bu da bölgələr arasında balanslı və rasional iqtisadi sistemin qurulmasını təmin edəcək.
Xüsusilə Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində yeni əlaqələr formalaşacaq. Ağdamdakı avtomobil bazarının bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.
DOĞRU.AZ




























