image-n1karobka_ads
image-123
image-1737981712195237961_1200x630backend

Afaq Abbasova: Opera mənim həyatımın ayrılmaz hissəsidir – MÜSAHİBƏ

image-ad_qayo_720x110px

Opera musiqi və teatrın ən mükəmməl vəhdəti, insan ruhunun səhnədəki ifadəsidir. Bu sənət, sadəcə notlarla deyil, emosiyalarla, hisslərlə toxunan bir dünyadır. Hər bir ariya, hər bir səhnə insanın qəlbinin dərinliklərində gizlənmiş duyğuları səsləndirir. Opera ifaçılığı bir səsin öz sərhədlərini aşaraq səhnədə obrazlara çevrilməsi, musiqinin isə danışan, ağlayan, sevən bir varlığa dönməsidir. Səhnə pərdəsi açılan an, ifaçı səhnədə sadəcə bir müğənni deyil – o, qəhrəmandır, aşiqdir, xilaskardır. Onun hər notu bir ömrün hekayəsini danışır, dinləyicini uzaq zamanlara aparır. Opera ifaçısı olmaq uzun və çətin bir yolun nəticəsidir. Bu sənətin zirvəsinə yüksəlmək, onu qoruyub saxlamaq üçün illərin zəhməti, sonsuz fədakarlıq və daim inkişaf tələb olunur. Əməkdar artist, Prezident mükafatçısı, Beynəlxalq müsabiqələr laureatı və “Tərəqqi” medalı ilə təltif olunmuş Afaq Abbasova ilə müsahibəmizdə bu çətin, lakin sevimli yolun detallarına toxunduq.

– Afaq xanım, opera ifaçısı olmaq istəyiniz necə yarandı?

– Açığını desəm, əvvəlcə bu sahəni düşünmürdüm. Bu haqda danışsam deyərdim ki, bir kitab yazmaq olar. Lakin musiqi və səhnə sevgisi o qədər güclü idi ki, başqa sahəyə olan marağımı tamamilə rədd etdi, operanın sehri məni buraxmadı. Mənə səhnənin sirlərini, sənətin dərinliklərini öyrədən müəllimlərimin zəhməti böyükdür. Vokal dərslərini tələbə olarkən Xalq artisti Fidan Qasımovadan almışdım, aktyorluq dərslərini isə SSRİ Xalq artisti Gülcahan Güləhmədova-Martınova sayəsində öyrəndikcə opera səhnəsini daha çox sevdim. Hər zaman onun məsləhətləri mənimlədir. Bu gün xarici müəllimlərdən də dərslər alıram və vaxt keçdikcə, təcrübə artdıqca öyrəndiklərimi daha da mükəmmələşdirib opera dinləyicilərimə çatdırıram. Musiqidən və tamaşanın sehrindən zövq almalarına çalışıram.

– Operanın sizin üçün əhəmiyyəti nədir?

– Opera mənim həyatımın ayrılmaz hissəsidir. Bu sənət hər gün ciddi məşq və disiplin tələb edir. İdman kimi – bir gün məşq etməsən, formadan düşürsən. Əgər bir müddət səhnədən uzaq qalsan, yenidən hər şeyi sıfırdan öyrənməli olursan. Opera şou deyil, ucuz reklam sevmir, opera deyəndə yüksək sənət meyarından söhbət gedir və burada səs, peşəkarlıq əsasdır. Səhnəyə çıxan ifaçı partiyanı ümumilikdə bilməklə yanaşı, özünü obrazın içində tapmalı, onu yaşamalıdır.

– Bəs ifa etdiyiniz əsərlər arasında sizin üçün ən çətin olanı hansıdır?

– Hər bir opera mənim üçün özünəməxsus əhəmiyyət daşıyır. Məsələn, Puccinin “Madama Butterfly” operası çox çətin və məsuliyyət tələb edən operalardandır. İtaliyada, Puccinin doğma şəhərində bu əsəri ifa etmək mənim üçün böyük bir şərəf idi. Hər yeni obraz yeni bir çağırışdır, fərqli prizmadan baxışdır. Həmçinin ayrı-ayrı insanların talelərini qısa zaman ərzində tamaşaçıya musiqi vasitəsilə çatdırmaqdır. Tamaşaçılar üçün iki saatlıq bir tamaşa bizim üçün aylarla çəkən məşqlərin nəticəsidir.

– Opera sənətində hansı çətinliklər var?

– Opera sənətində əsas çətinlik fədakarlıqdır. Daim məşq etməli, özünü fiziki və mənəvi psixoloji cəhətdən formalaşdırmalısan. Bundan əlavə, səhnədə balans çox vacibdir. Partnyorların səhnədə bir-birini tamamlamağı mütləqdir, əks halda tamaşa uğursuz ola bilər. Bizim sahədə məsuliyyət çox önəmlidir. Düşünürəm ki, sənətə sevgi olan yerdə çətinliyə asanlıqla qalib gəlmək mümkündür.

– Sənət adamlarının dövlət tərəfindən yüksək mükafatlarla qiymətləndirilməsi onların yaradıcılığına necə təsir edir?

– Sənət müqəddəsdir, sənətkar isə bu müqəddəs yolun yolçusu. Dövlətin sənət insanlarına verdiyi yüksək qiymət, təqdim etdiyi mükafatlar biz sənət adamlarına ruh verir, yaradıcılığımıza yeni bir nəfəs gətirir. Bu diqqət və dəyər, bizə yalnız qürur yox, eyni zamanda böyük bir məsuliyyət hissi aşılayır. Hər bir uğurumuzda xalqın sevgisini, dövlətin etimadını görmək, bizi daha böyük zirvələrə doğru ruhlandırır. Elə bu inam da sənətə olan sədaqətimizi gücləndirir, bizi daha əzmlə çalışmağa sövq edir.

– Siz həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Gənclərə bu sahəni sevdirmək üçün nələr edirsiniz?

– Mən Azərbaycan Milli Konservatoriyasında dərs deyirəm. Həmişə tələbələrə məsləhətim odur ki, zəhmət çəkmək çox məşq etmək, gözəl olanı dinləmək, professionallardan öyrənmək lazımdır. Yalnız səs deyil, bu sənəti həm də sənətə olan sevgi və peşəkarlıq yaşadır. Bizim xarici mütəxəssislərə ehtiyacımız var, çünki vokal sənəti bir mütəxəssisdən öyrənməklə kifayətlənən sənət deyil.

– Opera sənətinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?

– Təəssüf ki, operaya maraq digər musiqi janrları ilə müqayisədə azdır. İstər sosial şəbəkə, istər televiziyada klassik musiqinin təbliğatı gücləndirilməlidir. Halbuki, klassik musiqi insanın dünya görüşünü və intellektini inkişaf etdirir. Bunun üçün genişmiqyaslı tədbirlərə və maarifləndirməyə ehtiyac var.

– Xaricdə ifa etdiyiniz tamaşalar sizə nə qazandırıb?

– Mən dünyanın bir çox məşhur opera teatrlarında – İtaliya, Serbiya, Belarus, Rusiya və digər ölkələrdə çıxış etmişəm. Belə səhnələrdə çıxış etmək böyük məsuliyyət tələb edir. Dünyada məşhur dirijor və rejissorlarla işləmək mənim üçün əvəzolunmaz təcrübə olub. Səhnədə dünyaşöhrətli ifaçılarla eyni səhnəni bölüşmək insanı ruhlandırır və daha da böyük hədəflərə yönəldir.

– Gələcəkdə hansı planlarınız var?

– Sənətimi daha geniş auditoriyaya çatdırmaq, yeni obrazlar yaratmaq və gənc ifaçılara dəstək olmaq istəyirəm. Teatrın təmirindən sonra daha maraqlı tamaşalar qurulacağına inanıram. Azərbaycan operasını dünyada daha geniş şəkildə tanıtmaq ən böyük arzularımdan biridir.

– Son olaraq, gənc opera ifaçılarına hansı məsləhətləri verərdiniz?

– Daim çalışmaq və sənətə sadiq qalmaq lazımdır. Opera zəhmət tələb edir, amma bunun nəticəsində əldə olunan uğur hər şeyə dəyər. Hər ifaçı öz yolunu tapmalı və heç kəsi təqlid etməməlidir. Ən əsası isə, sənətə hörmətlə yanaşmaq və onu sevgi ilə icra etməkdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki