İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yeniləşmə və ümid bayramı olan Novruz bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırır, yeni imkanlar, uğurlar və firavanlıq dolu bir mövsüm arzu edirəm.
Bu əlamətdar bayramın bizim regional əməkdaşlığımıza dair ümumi öhdəliyimizi daha da gücləndirməsini diləyirəm.
Fürsətdən istifadə edərək, həmçinin Zati-alinizi mübarək Ramazan bayramı münasibətilə də təbrik edirəm. Qoy bu bayram hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin, bölgəmizdə birlik və həmrəyliyi daha da möhkəmləndirsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bundan başqa, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
“Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Beynəlxalq Novruz bayramı münasibətilə ən səmimi təbriklərimizi və ürəkdən gələn xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.
Qədim tarixə malik bu bayram mədəni irs və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi sülh və təhlükəsizlik, qarşılıqlı hörmət və dəstək ideyaları əsasında onun coğrafiyasındakı xalqlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
Novruzun əbədi yaradıcılıq ənənələri bizi xalqlarımız və ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daim səy göstərməyə sövq edir.
Tacikistan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla dövlətlərarası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə edir.
Əminəm ki, ölkələrimiz bu qədim bayramın yüksək ümumbəşəri dəyərlərinə əsaslanaraq çoxşaxəli münasibətlərinin məzmununun zənginləşdirilməsi üçün bundan sonra da birgə səy göstərəcək.
Bu əlamətdar günlərdə Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ölkənizin qardaş xalqına isə xoşbəxtlik, firavanlıq, sülh və əmin-amanlıq, davamlı tərəqqi və rifah arzulayıram”.
DOĞRU.AZ