image-n1karobka_ads
image-123
image-yeni-klinika-dunen-ve-bu-gun-1689601973backend

Açıq ürək əməliyyatında həkim səhlənkarlığı insulta səbəb oldu – ŞİKAYƏT

image-ad_qayo_720x110px

Zeynəb İsmayılova atası Novruz İsmayılovun 13 noyabr 2024-cü ildə Yeni Klinikada açıq ürək əməliyyatı olunduğunu və həkim səhlənkarlığı nəticəsində insult keçirdiyini deyir. Onun sözlərinə görə, əməliyyatdan əvvəl lazımi hazırlıqlar və yoxlanışlar düzgün aparılmayıb, nəticədə atası əməliyyat zamanı insult keçirib.

O, atasının mövcud vəziyyəti ilə bağlı problemin ictimailəşməsi və araşdırılması üçün Oxu.Az-a müraciət edib.

Z.İsmayılova bildirib ki, atasının əməliyyatını ürək-damar cərrahları Nicat Süleymanov və Nihat Süleymanzadə icra ediblər. Onun sözlərinə görə, əməliyyat zamanı olanlar nəzərə alınmayıb və atasının insult keçirdiyini bir gün sonra KT (Kompüter Tomoqrafiya) müayinəsində öyrəniblər:

“Lakin gec müdaxilə nəticəsində beynin böyük bir sahəsi insultdan zərər çəkib. Üç aya yaxındır, atam xəstəxananın reanimasiya şöbəsində yatır və vəziyyəti gündən-günə pisləşir. Həkimlər səbəbini tapa bilmirlər”.

Z.İsmayılova qeyd edib ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Yeni Klinikaya müraciət etsə də, laqeyd yanaşılıb. O bildirib ki, atası Novruz İsmayılova göstərilən tibbi xidmətin keyfiyyətinin araşdırılması ilə bağlı müraciətinə ötən gün – yanvarın 27-də Yeni Klinikadan cavab verilib. Bildirilib ki, müraciətinə TƏBİB-də aidiyyəti üzrə baxılıb.

“Məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəsi barədə sizə əlavə məlumat veriləcək”, – deyə cavabda bildirilib.

Qeyd edək ki, sözügedən şikayətlə bağlı yanvarın 25-də TƏBİB-ə sorğu versək də, bu günə qədər cavab almaq mümkün olmayıb. Eyni zamanda, ürək-damar cərrahı Nicat Süleymanovun özü ilə əlaqə saxlamağa çalışsaq da, həkim zənglərimizə cavab verməyib, yazılı müraciətimizi cavabsız qoyub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki