image-2000x150px
image-123
image-ads_atlas
image-2a9c5dc3-60e0-372a-8899-12bceb22ae45_850backend

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

image-728x90px

“Son illər ölkədə sənaye tənzimlənməsi istiqamətində bir sıra tədbirlər görülür. Turizm sektorunda bir müddətdir üzərində işlədiyimiz Turizm İnformasiya Sistemi artıq ictimaiyyətə təqdim edildi”.

Doğru.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm İnformasiya Sisteminin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu sistem xidmət keyfiyyətinin artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edəcək:

“Turizm İnformasiya Sistemi turizm sənayesi subyektlərinin qeydiyyatını və təsnifatını aparmaq, keyfiyyət nişanlarını təqdim etmək və reytinq qiymətləndirilməsini həyata keçirmək üçün nəzərdə tutulub. Turizm Reyestri vasitəsilə ilkin mərhələdə turizm agentliklərinin, bələdçilərinin qeydiyyat və təsnifatı aparılır. Eyni zamanda, turizm sənayesinə açıq və keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarının əldə edilməsi üçün imkan yaradılır. Açıq və keyfiyyətli xidmət nişanları alan sənaye subyektləri “B” kateqoriyası, onlarla yanaşı, “rəqəmsal xidmət” nişanı alan sənaye subyektləri isə “A” kateqoriyası əldə edəcəklər”.

F.Nağıyev onu da əlavə edib ki, bu nişanları əldə etmək üçün müvafiq meyarlar təyin edilib və turizm sənayesi nümayəndələri ilə görüşlər keçirilib:

“Meyarların hazırlanması zamanı turizm sənayesi subyektlərinin fikirləri, təklifləri də nəzərə alınıb. Bu layihənin uğurlu icrası ölkədə turizm sənayesinin yüksək inkişafına, reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək. Bu da gələcəkdə turizm sektorunda reytinq hesablanmasının daha rahat və obyektiv aparılmasına imkan verəcək.

Onu da qeyd edim ki, Turizm Reyestrində qeydiyyatdan keçib müvafiq olaraq “A” və “B” kateqoriyaları əldə etmək insanlarla daha etibarlı əlaqə qurmağa da imkan yaradacaq. Bütün sənaye subyektlərini qeydiyyatdan keçərək ilkin mərhələdə “B” kateqoriyası almağa dəvət edirəm”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki