image-2000x150px
image-123
image-ads_atlas
image-images-1backend

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür – VİDEO

image-728x90px

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət ünvanlayıb.

Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırkı Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

Ulu öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb.

Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünya azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır.

İlham Əliyev 2022-ci il ərzində Azərbaycanın İranla gərginliyi fonunda xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi üçün mühüm tezislər irəli sürüb.

2022-ci ilin noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən İlham Əliyev deyib:

“Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki