Rəhbəri olduğum Doğru.az saytı başda olmaqla bir çox mətbuatda ötən gün turizm rayonu olan Lerikdə mərkəzi avtovağzalın olmaması ilə bağlı yazılar dərc olundu. Fikirləşdim ki, rayonun icra başçısı Rövşən Bağırov və rayondan deputat seçilmiş İqbal Məmmədov yaranan problemi nəzarətə götürərək həllinə çalışacaqlar. Amma, hər şey əksinə oldu.
Bəziləri bildirdi ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çox vaxt rayonda olmur, bəziləri də qeyd etdi ki, icra başçısı COVID-19 pandemiyası ilə əlaqədar 5-6 ay olar ki, onlayın qəbulda keçirmir. Bir rayonun icra başçısı əgər belə edirsə, icra aparatının digər rəsmi nümayəndələrindən başqa nə gözləmək olar?.
İcra başçısı rayonda olmayanda və yaxud da onlayn qəbul keçirməyəndə, yəqin rayonun digər struktur rəhbərlərinə də bərk-bərk tapşırır ki, rayonda olan özbaşnalıqlarla bağlı mətbuata açıqlama verməyin. Çünki, belə olmasayadı uzun müddətdi ki, avtovağzalsız qalan rayonla bağlı mətbuatda yayılan yazımıza reaksiya verilərdi.
Görünür sevimli icra başçımız yerini dah da bərkitmək üçün yollar axtarır. Yəqin sakinləri incidən, rayonu yeyib –talayan, özünə və yaxınlarına gözəl şərait qurmaq üçün, var-dövlət yığan və sonda həbs olunan o, icra başçılarını Rövşən müəllim unudub.
Lerik sakinləri haqlarını tələb etmək üçün, problemlərinin həllinə görə etimad göstərib, səs verərək Milli Məclisə seçdikləri İqbal Məmmədovda işıqlandırdığımız problemə göz yumaraq, laqeyd yanaşdı. Deputatımız əlaqə telefonlarını söndürərək, problemdən qaçmağa çan atdı. Görəsən, İqbal müəllim nə vaxta kimi mətbuatdan, problemdən qaçacaq?.
Demək İqbal Məmmədov üçün çətini rayon sakinlərini dilə tutub, yalan vədlər verərək seçilmək idi. Onuda neçə ildi müəyyən yollarla bacara bilir. Hörmətli deputatımız fikirləşir ki, Leriklilər avtovağzalsızda yaşaya bilərlər, amma mən vəzifəsiz yaşaya bilmərəm. Bu yerdə dahi şairimiz Mirzə Ələkbər Sabirin gözəl sözü yadıma düşdü.
”Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?”.
Rayonun icra başçısı Rövşən Bağırov, deputat İqbal Məmmədov üçün rayonda mərkəzi avtovağzalın olması önəmli deyil önəmli olan, boğazdan yuxarı danışıb, yalandan vədlər verərək, oturduqları kreslodan möhkəm yapışmalarıdır. Vəzifələrinin xəstəsi olan bu iki şəxs axı niyə başa düşmür ki, media qurumu həqiqətin güzgüsüdür.
Dəfələrlə Cənab Prezident İlham Əliyev çıxışlarında qeyd edib ki, “Jurnalistlər mənim köməkçilərimdir”.
Yəqin prezidentimizin bu sözünü rayonun icra başçısı, deputatımız unudubdur. Əgər unudublarsa, dönə-dönə dövlət başçımızın mətbuatla bağlı çıxışına qulaq assınlar. Bəlkə ondan sonra oturub fikirləşərlər ki, biz özümüz-özümüzü ucruma aparırıq.
Bir rayonda ki, olmayan mərkəzi avtovağzalın olması üçün çalışmayan icra başçısının, deputatımızın başqa gördüyü hansı işdən danışmaq olar?. Əlbətdə ki, heç birindən. Çünki, sakinlərin avtovağzal problemini həll etməyən deputatımız, icra başçımız rayon sakinlərinin gözündə özlərini heçə endirərək, vəzifələrini kölgədə qoyurlar. Qeyd edək ki, rayonun avtovağzal problemi həll olunmayana kimi bu mövzunu yenidən davam edəcəyik.
İlqam Cəbiyev






























