Azərbaycan Səhiyyə Nazirliyində baş ağrıları üzrə beynəlxalq aləmdə tanınmış mütəxəssislərlə görüş təşkil edilib.
Doğru.az xəbər verir ki, tədbirdə Danimarka, Almaniya, Belçika və İtaliyadan olan alimlər – Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin sabiq prezidenti Məsud Aşina, Essen Universitetinin professoru Zaza Katsarava, Brüssel Universitet Xəstəxanasının nevroloji klinikasının rəhbəri Yan Versijpt, Sapienza Universitetinin professoru Canluka Koppola və “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyinin həmtəsisçisi Sərxan Əmirquliyev iştirak ediblər.
Görüş zamanı baş ağrıları və miqrenin müasir diaqnostika və müalicə üsulları, beynəlxalq klinik yanaşmalar və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səhiyyə naziri Teymur Musayev bildirib ki, ölkə rəhbərliyi ixtisaslaşmış tibbi xidmətlərin inkişafına xüsusi diqqət yetirir və son illərdə nevrologiya sahəsində mühüm islahatlar aparılıb. Nazir vurğulayıb ki, beynəlxalq ekspertlərlə əməkdaşlıq yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl müalicə protokollarının tətbiqi baxımından əhəmiyyətlidir.
Qonaqlar Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, elmi və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Görüş zamanı baş ağrılarının cəmiyyətə sosial-iqtisadi ziyanı, düzgün müalicənin vacibliyi və profilaktik tədbirlər də müzakirə olunub.
DOĞRU.AZ




























