Bu gün – avqustun 2-si Azərbaycanda kino sahəsində çalışanların peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Doğru.az xəbər verir ki, bu tarix Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən təsis edilib. Elə bu gün də milli kinematoqrafiyamızın yaranmasının 127-ci ildönümü tamam olur.
Tarixə nəzər salsaq, Fransada ilk kinoseansdan cəmi iki il sonra – 1898-ci il avqustun 2-də fotoqraf və naşir Aleksandr Mişon Bakıda ilk sənədli və bədii süjetləri nümayiş etdirib. “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin” kimi ekran əsərləri milli kinonun başlanğıcı hesab olunur.
Azərbaycan kinosunun inkişaf yolu
XX əsrin əvvəllərində bir sıra xarici kino şirkətləri Bakıda fəaliyyətə başlayıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə “Arşın mal alan” filmləri çəkilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də kinematoqrafiya ictimai həyatın ayrılmaz hissəsinə çevrilib.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsinin yaradılması ilə peşəkar kino istehsalı rəsmi mərhələyə keçdi. Eyni ildə Birinci Dövlət Kinofabriki açıldı və burada ilk film – “Qız qalası” çəkildi.
Zamanla kinostudiya bir neçə ad dəyişsə də, bu gün “Azərbaycanfilm” markası ilə fəaliyyətini davam etdirir. 1960-cı ildən studiya Cəfər Cabbarlının adını daşıyır.
Azərbaycan kinosunun qızıl fonduna düşən ekran əsərləri
Bu günə qədər “Azərbaycanfilm” və digər kino qurumlarında iki mindən çox film istehsal olunub. “Arşın mal alan”, “Axırıncı aşırım”, “Nəsimi”, “Yaramaz”, “Bizim Cəbiş müəllim”, “Nabat” və onlarla digər film həm yerli, həm də beynəlxalq mükafatlara layiq görülüb.
Dövlət qayğısı və yeni mərhələ
Prezident İlham Əliyev 2007-ci ildə kino sənətinin inkişafı ilə bağlı sərəncam imzalayıb. 2022-ci ildə isə “Azərbaycan Respublikasının Kino Agentliyi” yaradılıb. Bu qurum kino siyasətinin daha sistemli şəkildə aparılmasına xidmət edir.
Bu illər ərzində 250-dən çox film dövlət dəstəyi ilə çəkilib və 230-dan artıq beynəlxalq festivalda iştirak edərək 150-yə yaxın mükafat qazanıb.
2 avqust 2025 – Tədbirlər və təqdimatlar günü
Bu gün Azərbaycan Kinosu Günü münasibətilə ölkə üzrə müxtəlif tədbirlər keçirilir. Nizami Kino Mərkəzində yerli rejissorların çəkdiyi filmlərin nümayişi olacaq. Saat 18:00-da isə bayrama həsr olunmuş təntənəli tədbir keçiriləcək və kino xadimləri təltif ediləcək.
Gecə saatlarında – saat 20:00-da Dənizkənarı Bulvarda açıq hava kinoteatrında “Əhməd haradadır?” filmi nümayiş olunacaq.