Denver Beynəlxalq Hava Limanında Boeing 737 MAX təyyarəsi havaya qalxarkən eniş mexanizmində problem yarandıqdan sonra yanıb.
Doğru.az xəbər verir ki, CBS telekanalının məlumatına görə, American Airlines-a məxsus təyyarənin göyərtəsində problem uçuş-enmə zolağında aşkar olunub.
Aviaşirkət daha sonra təyyarənin təkərində problem olduğunu və texniki xidmət mütəxəssisləri tərəfindən yoxlama üçün istismardan çıxarıldığını təsdiqləyib.
Telekanalın məlumatına görə, 173 sərnişin və 6 ekipaj üzvü qəza nərdivanı vasitəsilə uğurla təxliyə olunub. Həkimlər bir neçə nəfəri müayinə edib, onlardan biri xəstəxanaya yerləşdirilib.
İnsident uçuşların böyük gecikmələri ilə nəticələnib — 87 reys təxirə salınıb, bəziləri yerinə yetirilməyib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ səmasında təyyarənin manevri nəticəsində iki stüardessanın yaralandığı, bir neçə gün əvvəl isə sərnişin təyyarəsi ilə bombardmançı təyyarənin toqquşmaq təhlükəsi yaşandığı bildirilmişdi.
DOĞRU.AZ