image-n1karobka_ads
image-123
image-screenshot_20250524_004759_gallerybackend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər

Azərbaycanın ekoloji siyasətində mühüm rol oynayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il də öz peşə bayramını – mayın 23-ünü təntənə ilə qeyd edir.

Nazirliyin yaradılması ölkəmizdə ətraf mühitin qorunması və təbii sərvətlərin səmərəli idarə olunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə təsis edilən nazirlik, Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il eyni tarixdə peşə bayramı kimi qeyd olunur.

Doğru.az xəbər verir ki, Nazirlik Azərbaycanda ekologiyanın qorunması, təbiətdən istifadənin tənzimlənməsi, hidrometeoroloji müşahidələrin aparılması, həmçinin biomüxtəlifliyin qorunması sahəsində dövlət siyasətinin əsas icraçısıdır. İndiki və gələcək nəsillərin sağlamlığı, iqtisadi inkişafın davamlılığı, təbii ehtiyatların qorunması nazirliyin qarşısında duran başlıca vəzifələrdir.

Azərbaycanın ekoloji siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin irsi dayanır. Onun təşəbbüsü ilə ətraf mühitin mühafizəsi, şəhərlərin yaşıllaşdırılması, köhnə və ekoloji cəhətdən zərərli texnologiyaların yenilənməsi sahəsində mühüm işlər görülüb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə biomüxtəlifliyin qorunması, meşələrin bərpası və ekoloji şəbəkənin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

Ötən il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu çərçivədə 8 milyondan çox ağac əkilib. Bu il isə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyaları davam edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə meşə fondunun bərpası prioritet məsələlərdəndir. Orada 54 min hektardan çox meşə zərər görüb və bu sahələrin bərpası üçün böyük işlər görülür.

Hazırda Azərbaycanda 10 dövlət təbiət qoruğu, 10 milli park və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,3 faizini təşkil edir. 2024-cü ildə ekoloji müayinələr nəticəsində müəyyən olunub ki, müəssisələrin bir qismində atılan tullantıların miqdarı normadan artıqdır. Buna görə də təbiət qanunvericiliyinin pozulmasına görə ciddi inzibati tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları təbiətin qorunmasında və yaşıl gələcəyin təmin edilməsində ön cəbhədədirlər. Nazirliyin işçiləri hər gün yeni uğurlar qazanır, ölkəmizin ekoloji inkişafına əvəzsiz töhfələr verirlər.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, COP29 tədbirinin Azərbaycanda keçirilməsi və digər beynəlxalq təşəbbüslər ölkəmizin qlobal səviyyədə ətraf mühitin qorunmasına verdiyi önəmin göstəricisidir.

Doğru.az olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki