Pxenyan Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu səddin inşasına başlayıb.
Doğru az BBC News telekanalına istinadla xəbər verir ki, bunu iki ölkə arasındakı sərhədin yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili göstərib.
Fotoşəkillərdə sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə çatan ən az üç səddin tikildiyi görünür. Onlar sərhədin şərq hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də baryerlərin tikildiyi istisna edilmir.
Ekspertlər əldə edilən görüntülər sayəsində Koreyanın şimal ilə cənubunu ayıran demilitarizasiya zonasında inşa işləri üçün torpaq sahələrinin təmizləndiyini aşkarlayıblar.
Qeyd edək ki, demilitarizasiya zonası 38-ci paraleldən keçərək KXDR və Koreya Respublikasını ayıran 240 kilometr uzunluğunda və 4 kilometr enində bufer xəttidir. O, 1953-cü ildə ölkələr arasında aktiv hərbi əməliyyatlara son qoyan atəşkəs sazişinin imzalanması nəticəsində yaranıb.
DOĞRU.AZ