Bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə yanvarın 1-dən etibarən artırılır.
Eləcə də, qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.
Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə ehtiyac yoxdur.
Qeyd edək ki, yanvar ayı üzrə artım edilmiş pensiyalar fevral ayının pensiyası ilə birgə ödənəcək.
DOĞRU.AZ