İstanbulda keçirilən 7-ci Etnosport Mədəniyyət Festivalı möhtəşəm açılışla start götürüb. Dünya Etnospor Birliyinin təşkilatçılığı ilə baş tutan festival Atatürk Hava Limanında yerləşən xüsusi ərazidə 4 gün davam edəcək. Bu mötəbər tədbirdə 35 ölkə iştirak edir və ənənəvi idman növləri, xalq oyunları, sənət nümunələri, milli mətbəx və səhnə sənətləri nümayiş olunur.
Festivalın açılış mərasimində Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bak, İstanbul Valisi Davut Gül, Dünya Etnospor Birliyinin prezidenti Bilal Ərdoğan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi və Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, eləcə də digər rəsmi şəxslər və nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan festivala Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərlik nümayəndə heyəti və 20 Qarabağ atı ilə qatılıb. Tədbirdə Qarabağ atlarının təqdim olunduğu “Zəfər” şou-kompozisiyası, milli musiqimiz, incə Azərbaycan rəqsləri və xüsusi olaraq 2025-ci il üçün hazırlanmış orkestrin ifaları böyük maraqla qarşılanıb.
Festival iştirakçıları milli musiqi alətlərində səsləndirilən “Yallı”, maestro Niyazinin “Qaytağı” əsəri, Emin Sabitoğlunun “İncə bellim” mahnısı, Müslüm Maqomayevin “Azərbaycan” kompozisiyası və “Sərhədçi” rəqs ansamblının çıxışlarını alqışlarla izləyib. Qarabağ atları üzərində sərgilənən süvari performans isə tədbirin ən yaddaqalan məqamlarından olub.
Festival çərçivəsində Bilal Ərdoğan və Elçin Quliyev arasında keçirilən görüşdə qardaş ölkəyə təşəkkür ifadə olunub. Bilal Ərdoğan çıxışında Azərbaycan nümayəndələrinin performansını yüksək qiymətləndirərək, Qarabağ atlarının tamaşaçıları valeh etdiyini qeyd edib.
Festivalda iştirak edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev isə saytımıza açıqlamasında bildirib:
“Bu cür beynəlxalq tədbirlər ortaq dəyərlərimizin güclənməsində mühüm rol oynayır. Qarabağ atlarının çıxışı, milli musiqimiz və rəqslərimiz gənclərimizin bu irsə olan bağlılığını bir daha nümayiş etdirdi. Festivalda Türk dünyasının ruhunu yaşamaq bizim üçün böyük fəxr və məsuliyyətdir.”
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin çıxışları 25 may tarixinədək davam edəcək.
DOĞRU.AZ