Müzəffər Azərbaycan Ordusunun qətiyyətli Qələbəsində hər bir əsgərimizin, zabitimizin cəsarəti və hünəri danılmazdır. Məz vətənsevər və igid mərd oğulların rəşadəti, igidliyi və hünəri sayəsində düşmənə qalib gəldik, 30 ilə yaxındır, işğalda altında olan torpaqlarımızı azad etdik. Belə oğullardan biri də Nicat Mirzəyevdir.
Bir çoxları kimi, müharibənin ilk günlərindən –sentyabrın 30-dan Nicat Mirzəyev də səfərbərlik üzrə çağırış vərəqinin gəlməsini həm sevinc, həm də səbrsizliklə qarşılayıb. “Vətən bizim kimi oğullara əmanətdir, onun dar günündə qorumalıyıq”—deyib cəbhəyə yollanıb. Valideynləri ilə sağollaşıb Qarabağa yollananda bircə şeyi düşünüb: “Allahım, bizi bu müqəddəs mübarizədən alnıaçıq, üzüağ çıxmağa yardım et. Qoy Qələbə bizim olsun”—deyib.
Nicatın arzuladığı o Qələbədən artıq bir neçə ay keçməsinə baxmayaraq, sanki elə o Qələbə sevinci anlarını bu an yaşayır və həmin gərgin döyüşləri bu cür xatırlayır:
— Azərbaycan Ordusu, Azərbaycanın hər bir gənci cəbhədə bir tarix yazdı, Qələbəmiz üçün əlindən gələni etdi. Ölkəmizdə səfərbərliyin elan edilməsini bir çox döyüş dostlarım kimi, böyük ruh yüksəkliyi ilə qarşıladım. Vətənin keşiyində dayanmaq, onu düşməndən azad etmək vaxtı gəlmişdi. Biz gənclər indiyə kimi, Ali Baş Komandanımızın “İrəli” əmrini gözləmiş, vətənin müdafiəsi üçün istənilən ana hazır vəziyyətdə durmuşuq. Odur ki, qismət 2020-ci ilə imiş. Düşmən Qarabağdan uzaqda sərhəd rayonu olan Tovuzda təxribat törədərkən xalqımızın haqlı qəzəb və etirazına səbəb oldu. Hər kəs yumruq kimi həmrəylik nümayiş etdirdi. Gənclər Tovuz döyüşlərində şəhid olmuş qəhrəmanlarımıza sayğı və Vətəni müdafiə üçün küçələrə axışdı. O gün bütün dünya Azərbaycan xalqının həmrəyliyini, həm də artıq səbrinin tükəndiyinin şahidi oldu. Odur ki, düşmənin azğınlığının qarşısını almaq üçün Azərbaycan Ordusu öz gücünü və nəyə qadir olduğunu göstərdi.
Mən Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Zenit raket artilleriya bataeriyasında döyüşmüşəm.
Cəbhədə hamımız vəzifə və yaşından asılı olmayaraq, qardaş həmrəyliyi ilə mübarizə aparmışıq. Gərgin və təhlükəli döyüşlərdə iştirak etmişəm. Bizə ruh verən qələbəyə olan inamımız, tezliklə düşmən əlində inləyən yurd yerlərimizi azad etmək idi. Hamı irəli atılmaq, daha da irəliyə doğru getmək arzusunda idi. Bu inam və ruh yüksəkliyi bizi müqəddəs vəzifəmizi layiqincə yerinə yetirməyə kömək oldu. Hər dəfə düşmən cəbhəsini yarıb irəlilədikcə, azad etdiyimiz yerlərə qovuşduqca, bu inam daha da artırdı. Baxırdıq ki, bu 30 il ərzində Cəbrayıl, Füzuli kimi rayonlar ancaq xarabazarlığa çevrilib. Düşmən daşı daş üstündə qoymayıb. Evlər, tikililər hamısı dağıdılıb, məhv edilib. Bu vandallığı sözlə ifadə etmək mümkün deyil.
Müharibədə hər şey olur. Biz də qələbə naminə şəhidliyi gözə alıb atılırdıq döyüşə. Bir dəfə elə oldu ki, düşmənin atdığı snaryad yaxınlığımıza düşdü. Ancaq bu. Bizi dayandırmadı. Yenə də eyni inamla irəliyə doğru döyüşümüzü davam etdirdik. Düşmən bizim gücümüz qarşısında çox duruş gətirə bilmir, geri çəkilirdi. Əslində, düşmən gözəl bilirdi ki, Qarabağ onlara məxsus deyil. Qarabağ Azərbaycandır. Onlar bilirdi ki, gec-tez Azərbaycan dövləti öz torpağını istənilən yolla azad edəcək. Sülhlə, sülh olmasa, döyüşlə. Odur ki, o torpaqlarda qəsdən heç bir abadlıq işləri görməmiş, əksinə, dağıtmışdılar.
Azərbaycan Ordusunun bizim mədəniyyət beşiyimiz olan Şuşanı azad etməsi isə hər birimiz üçün bir ayrı sevinc idi. Çünki Şuşa daim bizim üçün əziz olub və əzizdir. Döyüşlərdə qəhrəmancasına canını fəda etmiş və şəhidlik zirvəsinə ucalmış oğullar da oldu. Onların valideynləri qarşısında baş əyir, qazilərimizə can sağlığı arzu edirəm.
Ali Baş Komandan , Prezident İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilmişəm. Açığı, bir çox döyüş yoldaşlarım kimi, medulla təltif edilməyim mənim üçün gözlənilməz və xoş bir sürpriz oldu. Bu medallar tarixi Qələbədən əvəzolunmaz və mənəvi dəyəri yüksək olan medallardır. Gələcəkdə yəqin ki, övladlarım bu medalların tarixçəsini danışanda Qələbəmizdən yüksək ruhla və böyük fəxarətlə hissi ilə söhbət açacağam. Millətimiz, dövlətimiz var olsun. Allah bundan sonra Qarabağımızda xalqımıza sülh və firavan dolu, gözəl günlər qismət eləsin.








