Qəhrəman Azərbaycan oğulları öz canları, qanları
bahasına Qələbə sevincini xalqımıza yaşatdılar
“Doğru.az” xəbər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi xalqımıza böyük sevinc, ruh yüksəkliyi, qürur hissi yaşatdı. Əsgər və zabitlərimiz böyük vətənpərvərlik, qəhrəmanlıq göstərərək öz qanları, canları bahasına bu sevinci xalqımıza yaşatdılar. Belə qəhrəmanlardan biri də Niyaməddin Hüseynovdur.
Niyaməddin Hüseynov 1978-ci il sentyabrın 18-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 2001-ci ildə ANAMA-da işə düzəlib. ANAMA-da kəşfiyyat qrupunun rəhbəridir. İkinci Qarabağ müharibəsi başlayan gündən Füzuli rayonunda fəal insanlar, keçmiş Qarabağ döyüşçüləri Ali Baş Komandana müraciət edərək könüllü şəkildə Vətən müharibəsinə getmək istədiklərini bildiriblər. Onların bu müraciəti müsbət qarşılanıb və sentyabrın 30-da N saylı hərbi hissəyə yollanıblar.
Niyaməddin Hüseynov bir müddət Qaraxanbəyli-Merdinli istiqamətində döyüşlərdə iştirak edib. Merdinli körpüsünün düşməndən qorunması uğrunda gedən döyüşlərdə fəallıq göstərib. O və əsgər yoldaşları qəhrəmancasına vuruşaraq körpünün partladılmasına imkan verməyib, düşmənə böyük zərbə vurublar. Düşmənin 2 “Satko”, 1 “Ural” tipli maşını, 1 tankı qənimət kimi ələ keçirilib.
Oktyabrın 24-də Niyaməddin Hüseynov N saylı hərbi hissənin kəşfiyyat qrupu ilə birlikdə Dövlətyarlı daş karxanası və Köndələn gölünün ortasında olan hündür strateji əhəmiyyətli dağın alınmasında iştirak edib. O, əsgər yoldaşları ilə birgə düşmən səngərinin 15 metrliyinə qədər yaxınlaşıb. Düşmən artıq postdan qaçmağa, bu anda hər iki istiqamətdən minomyot atmağa başlayıb. Niyaməddin bayrağı çıxarıb səngərə atılmaq üçün yürüyüb, mərmi onun beş-altı metrliyimə düşüb və yaralanıb. Qəhrəman əsgər yoldaşlarının köməyi ilə o, arxa hissəyə çıxarılıb. Niyaməddin üçün ən qürurverici o olub ki, həmin yüksəklik alınıb. Xəstəxanada olarkən kəşfiyyatdan ona zəng edib deyiblər ki, qəhrəman əsgərlərimiz həmin postu alıblar və adını da Niyaməddin postu qoyublar.
Azərbaycanın düşməni lərzəyə gətirən bax belə qəhrəman oğulları var. Xalqımız onların bu vətənpərvərliyini, şücaətini heç zaman unutmayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin!




