image-2000x150px
image-123
image-ads_atlas
image-17085194546529210630_1200x630backend

Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır

image-728x90px

Siyasətdə və ümumiyyətlə həyatda konkret məsələ ilə bağlı doğru və obyektiv mövqeyin müəyyən edilməsi üçün baş verən hadisələrin mahiyyətini anlamaq olduqca mühüm vəzifədir. Əks halda qəbul edilən qərarların, gəlinəcək qənaətlərin və ya konkret məsələ ilə bağlı baxışlar yanlış olacaq və ciddi səhvlərə yer vermək ehtimalı böyükdür. Bu da ki, müəyyən qaçılmaz çətinliklərə səbəb olacaq.

Siyasətdə yanlış stereotip və yanaşmaların formalaşması isə ona gətirib çıxara bilər ki, digərlərinin öz hədəflərinə nail olmasında sadəcə bir alətə çevrilirsən. Qeyd olunan yanaşma isə radikalların siyasi mübarizənin əsas alətidir. Kütləvi manipulyasiyalar və əhalinin ictimai şüurunda reallıq hissinin itirilməsi vasitəsilə bu cür siyasətciklər siyasi dividend qazanmağa çalışırlar. Odur ki, nəzarətsiz və emosional informasiyanın təsirinə düşmək olduqca təhlükəlidir. Məsuliyyətli vətəndaş mütləq olaraq hadisələrin mahiyyətini görməli, emosiyalardan uzaq durmalı və müxtəlif manipulyasiyalara əsla uymamalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adil “Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır” sərlövhəli məqaləsində yer alıb.

Qeyd olunanlar müstəvisində son zamanlar sülh müqaviləsi ətrafında müxtəlif dairələrdə qərəzli şəkildə aparılan manipulyasiyalara toxunmaq istərdik. Mütləq nəzərə alınmalıdır ki, məsələ ilə bağlı davamlı və qərəzli manipulyasiyaların aparılması, ilk növbədə, həm Azərbaycanı təsir altına salmaq istəyən beynəlxalq qüvvələr üçün əlverişlidir, həm də bizim bəla siyasətciklərimizin yaramaz və ucuz demaqogiyalarının inkişafı üçün uyğundur. Odur ki, bu strateji məsələdə obyektivliyi və həqiqəti qoruyaraq dövlətin yanında dayanmaq hər bir vətənpərvər və məsuliyyətli vətəndaşın vəzifəsidir.

Yalnız bu günü düşünən və öz xəstə ambisiyalarının əsirinə çevrilmiş radikalların siyasi təfəkküründə “milli strateji maraqlar” məfhumuna rast gəlmək mümkünsüzdür. Ötən 30 il ərzində biz onların konkret işin, böyük uğurun, layihənin və ya strateji əhəmiyyət kəsb edə biləcək konseptual sənədinə şahidlik etməmişik. Onların “vətənpərvərliyi” yalnız sosial şəbəkələr üzərindən edilən boşboğazlıqla məhdudlaşır. Məsuliyyətsiz, qeyri-peşəkar, qərəzli və ucuz demaqogiya hesabına bu siyasətciklər artıq siyasi komikslərin qəhrəmanlarına çevriliblər. Onların faciəsi ondadır ki, bunu hələ də anlamırlar.

Siyasətdə unutqanlıq bağışlanmaz haldır. Bəzən isə qərəzli yanaşma sahibləri ya bilərəkdən həqiqəti təhrif edirlər, ya da vacib hadisəni əhalinin ictimai şüurunda unutdurmağa çalışırlar. Burada qeyd edək ki, sözügedən metodlar da məhz radikal siyasətin məhsuludur. Odur ki, Prezident İlham Əliyevin sülh müqaviləsi ilə bağlı konkret və açıq mövqeyini əks etdirən fikirlərinə keçməkdən öncə məsələ ilə bağlı dolğun təsəvvürlərin formalaşdırılması üçün cəmi bir neçə önəmli məqamı vurğulayaq.

Hər vətəndaş bir qayda olaraq bilməlidir ki, güclü və məsuliyyətli hakimiyyət gündəlik fəaliyyətində, habelə qəbul etdiyi qərarlarda davamlı olaraq sabahı düşünür. Peşəkar hakimiyyətin fəaliyyəti perspektiv xarakterli və sabaha yönümlüdür. Münaqişənin həlli və danılmaz Qələbəmiz qeyd olunan təsbitin göstəricisi və sübutudur. Məhdud radikal təfəkkür isə yalnız bu günü düşünür və öz tənqidi demaqogiyasında məhz şəxsi maraqlarından istinad edir.

Qeyd olunanlar müstəvisində heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün dövrlərdə dövlətçilik ritorikasında ideoloji məsələlərə xüsusi yer ayırır. İdeologiya bilavasitə xalqın sabahı ilə bağlı olan məfhumdur. Dövlətimizin başçısının sülh müqaviləsi ilə bağlı ritorikasının təhlili də açıq-aşkar göstərir ki, Prezident İlham Əliyev müqavilənin imzalanması məsələsinə də bu günün maraqları ilə yox, xalqın perspektiv xarakterli strateji maraqlarından istinad edir. Nəzərə alınmalıdır ki, məhz Azərbaycanın maraqlarına tamamilə cavab verən sülh müqaviləsi ideoloji müstəvidə münaqişəyə birmənalı olaraq son qoya bilər. Yalnız bu halda gələcək nəsil münaqişənin təkrar olunmasından sığortalana bilər. Bunu anlamaq istəməyən vətənşivənlər ucuz demaqogiya vasitəsilə mövzu ətrafında əxlaqsız manipulyasiyalar aparırlar.

Unutqanlıq xəstəliyinə yoluxmuş bəzi siyasətciklərin yaddaşlarını Prezident İlham Əliyevin müvafiq çıxışlarından konkret sitatlarla təzələyək: “Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi…” (Yeni Azərbaycan Partiyasının VII qurultayı, 05.03.2021), “Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda müharibə riskini böyük dərəcədə minimuma endirir” (İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən 12.01.2022).

Mövzuya hətta bu cür kiçik ekskurs yetərlidir ki, Prezidentin məsələ ilə bağlı mövqeyi hər kəsə açıq şəkildə aydın olsun və bütün qərəzli manipulyasiyalara son qoyulsun. Sülh müqaviləsi ucuz demaqogiya mövzularının predmetinə çevrilməsi Qələbəmizə və şəhidlərimizin tökülmüş qanına xainlikdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki