ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukraynanın NATO-ya daxil olma vaxtı və münaqişənin sona çatması üçün şərtlərlə bağlı proqnoz verməkdən imtina edib.
Millerin sözlərinə görə, Vaşinqtonda heç bir vaxt məhdudiyyəti qoyulmayıb. Qurum rəsmisi bunu məqsədəuyğun hesab etmədiyini bildirib. O, vurğulayıb ki, NATO üzvləri Vilnüs sammitində qeyd olunan şərtlərə əməl olunması ilə razılaşdıqda, onlar Kiyevə dəvət göndərəcəklər.
Miller ABŞ hakimiyyətinin Ukraynanı hərbi əməliyyatlar bitənə qədər Şimali Atlantika Alyansı sıralarına qəbul etməyin mümkünsüzlüyü ilə bağlı mövqeyini təsdiqləyib, çünki bu halda Vaşinqton Moskva ilə münaqişə vəziyyətində olacaq.
Jurnalistlərdən ABŞ hakimiyyətinin hərbi əməliyyatların başa çatması ilə nə nəzərdə tutduğu soruşulub. Onlar sülh müqaviləsinin bağlanmasını nəzərdə tuturmu? Buna Miller deyib ki, belə bir sualın cavabı çox çətindir, çünki Ukraynadakı vəziyyət mahiyyət etibarilə son dərəcə gözlənilməzdir. O qeyd edib ki, hərbi əməliyyatların necə və hansı şəraitdə bitəcəyi ilə bağlı hər hansı proqnoz vermək istəmir.
Mənbə: BBC