Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsini yaşatmaq və klassik opera sənətini təbliğ etmək məqsədilə “Milli Opera İncilərimiz” adlı yeni layihəyə start verib. Layihənin ilk konserti 17 may tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.
Tamaşaçılara Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Firəngiz Əlizadə, Pikə Axundova və Siyavuş Kəriminin operalarından seçilmiş parlaq nümunələr təqdim olunub.
Konsertdə Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Elçin Həşimov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, Elnur Əhmədov, Elxan Mansurov, Şirzad Fətəliyev, eləcə də istedadlı solistlər Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə, Səma Həmzayeva və Aydan Quliyeva çıxış ediblər.
Musiqili gecəyə Teatrın simfonik orkestri və xor kollektivi müşayiət edib. Konsertin dirijoru – Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev, xormeysteri – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, layihənin rejissoru isə Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Hafiz Quliyev olub.
Tamaşaçılar konserti sürəkli alqışlarla qarşılayıb. Qeyd edək ki, “Milli Opera İncilərimiz” layihəsi hər ay bir dəfə nümayiş olunacaq.
DOĞRU.AZ