Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Suqovuşan kəndində Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək.
Doğru.az xəbər verir ki, aksiyanın əsas məqsədi azad olunmuş torpaqlarda yaşayan və tibbi xidmətlərə çıxış imkanları məhdud əhalinin göz sağlamlığının qorunmasıdır. Tədbir çərçivəsində oftalmoloji müayinələr aparılacaq, görmə problemləri vaxtında aşkarlanacaq və mümkün hallarda ilkin müalicə təmin ediləcək. Ağır xəstəlik halları isə daha geniş diaqnostika və müalicə imkanlarının mövcud olduğu Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcək.
2005-ci ildən fəaliyyət göstərən Avtomobil Səyyar Klinikası müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunub və əhalinin yaşadığı bölgələrdə keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi illərdir ki, ölkənin müxtəlif regionlarında humanitar tibbi aksiyalar həyata keçirir və tədbirlərin sayı ildən-ilə artır. Mərkəzin filialları ən müasir texnologiyalarla təmin olunub, burada təcrübəli və beynəlxalq təlim keçmiş həkim-oftalmoloqlar fəaliyyət göstərir.
Bundan əlavə, səyyar xidmətlərin daha da genişləndirilməsi məqsədilə 2018-ci ildən Dəmiryolu Səyyar Klinikası da əhaliyə xidmət göstərir.
DOĞRU.AZ