image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-48backend

Azərbaycanda referendum olacaq? – Yeni ildən GÖZLƏNTİLƏR + FOTO

image-728x90px

Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ildə referendum keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə daşınan bu məsələnin indiyədək reallaşmaması isə iddiaları bir qədər gücləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi 2016-ci il 26 sentyabrda baş tutub.

Digər maraq doğuran məsələ isə referendumla bərabər parlament seçkilərinin və ya parlament idarəetmə üsuluna keçidin həyata keçiriləcəyi barədə fikirlərin səsləndirilməsidir.

Mövzu ilə bağlı   danışan Milli Məclis deputatı Kamran Bayramov bildirib ki, referendumun keçirilməsi haqqında kimlərinsə dəqiq məlumatlı olmasına şübhə ilə yanaşır:

“Referendum, adətən, bu və digər sahədə islahatların reallaşdırılması məqsədini daşıyır. Onun keçirilməsini əvvəlcədən bilmək olmur. Azərbaycan qanunvericiliyinə əsasən, referendum səsvermədən 60 gün əvvəl elan olunur. O səbəbdən düşünürəm ki, bu barədə yalnız qərarın elan olunmasından sonra məlumatlı ola bilərik. Təbii ki, müəyyən sahələrin təkmilləşdirilməsinə böyük ehtiyac var, amma iddiaların nə dərəcə real olub-olmadığını demək tam mümkün deyil. Sadəcə olaraq burada ola bilsin qanunverici hakimiyyətin hər hansı bir təkmilləşdirilməsindən söhbət gedir. Referendumun keçirilməsi ölkə başçısının siyasi iradəsindən asılıdır və müəyyən sahələrdə hər hansı çatışmazlıqların, qüsurların aradan qaldırılmasıyla bağlıdır”.

İdarəetmə formasıyla bağlı iddialara gəldikdə isə, millət vəkili diqqətə çatdırıb ki, parlament idarəetmə üsuluna keçidi o qədər də real saymır:

“Çünki bizdə güclü icra hakimiyyəti qolu mövcuddur və Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti icra hakimiyyətinin daşıyıcısıdır. Bu üsul çərçivəsində bizim həm daxili, həm də xarici siyasətimizdə böyük uğurlar əldə olunub. Burada keçidə heç bir səbəb görmürəm. Çünki prezident idarəetmə üsulu artıq özünü təsdiq edib və güclü idarəetmə forması yaranıb.

Son zamanlar regional idarəetmədə islahatlar həyata keçirilir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəlik institutunun yaranması, Naxçıvanda səlahiyyətli nümayəndə institutunun təsis olunması ondan xəbər verir ki, regional idarəetmədə müəyyən dəyişikliklərin olması qaçılmaz və labüddür. Bu isə təbiidir. Çünki Azərbaycan rəhbərliyi hər zaman ölkə daxilində regional siyasətin uğurlu olmasına səylər göstərir, həmçinin regionların inkişafı istiqamətində böyük tədbirlər həyata keçirilir. Düşünürəm ki, daha çox regional idarəetmə sahəsində islahatlara ehtiyac var və bu islahatlar da artıq həyata keçirilməyə başlayıb. Amma keçidlə bağlı məsələ inandırıcı deyil. Ehtiyac nədir, məqsəd nədir? Əgər bizdə prezident idarə üsulu özünü doğruldubsa, onun dəyişdirilməsinə ehtiyac qalır?!”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki