image-2000x150px
image-img-20220520-wa0043backend

“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin dinamik inkişafı Prezident İlham Əliyevin xarici siyasətinin nəticəsidir

image-728x90px

Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi. Həmin vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdi: “Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir.” Möhtərəm dövlət başçımızın dediyi sözlər bu gün gedən proseslərdə öz təsdiqini tam olaraq tapır. O cümlədən Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də Azərbaycana rəsmi səfərə gəlişi ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Həqiqətən də bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Təbii ki, dövlət başçılarının müzakirə etdikləri vacib məsələlər arasında Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaranmış yeni regional reallıqlar xüsusi yer tutub. Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Bununla belə dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir. Birmənalı olaraq bunu da qeyd etmək lazımdır ki, bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Əlbəttə ki, bu baxımdan xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Əlbəttə ki, enerji sektoru ənənəvi olaraq ölkənin iqtisadiyyatında aparıcı sektor olub və bu, davam edəcək. Həmçinin demək lazımdır ki, hazırda Azərbaycanın inkişaf dinamikasının əsas göstəriciləri kifayət qədər yüksəkdir. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. O cümlədən qeyri-neft sektorunda artım 11,4 faizdir. Ümumi ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək. Dövlət başçımızın öz çıxışında toxunduğu daha bir vacib məqam bu oldu ki, Litvanın Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəkləməsi də çox müsbət bir haldır. Qeyd edək ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir. Bu gün Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Eyni zamanda da Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə ilk növbədə möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Dövlət başçısının dediyi kimi, Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

image-img-20220520-wa0042

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki