Aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.
Məlumata görə, yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus fərdi ev və “BMW” markalı minik avtomobil, eləcə də yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus evin dam örtüyü yanıb.
Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması, daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
DOĞRU.AZ

























