“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 30 dekabr tarixli 337-VIIQD nömrəli Qanunun icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.
Doğru.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə birgə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qanuna uyğunlaşdırılması üzrə təkliflərini beş ay ərzində təqdim etməlidir.
Həmçinin, mərkəzi icra hakimiyyəti orqanları dörd ay müddətində normativ-hüquqi tədbirlər görməli və ya bu istiqamətdə təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Zərurət yarandıqda icra vəziyyəti barədə Nazirlər Kabinetinə məlumat veriləcək.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının aktlarının qanuna uyğunlaşdırılmasını təmin etməli və altı ay ərzində Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub və sərəncam imzalandığı gündən qüvvəyə minib.
DOĞRU.AZ


























