Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda yanvarın 17-dən 22-dək gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Doğru.az xəbər verir ki, bu barədə qurumun verdiyi məlumatda bildirilib.
Müraciətdə qeyd olunub ki, həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalının nəzərə alınması tövsiyə olunur.
Məlumatda o da vurğulanıb ki, DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görür.
BDYPİ, xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərə yolların buz bağlama ehtimalını unutmamağı, mövsümə uyğun olmayan və yararsız şinlərlə yola çıxmamağı, təcrübəsiz sürücülərin sükan arxasına əyləşməməsini, həmçinin sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin daha təhlükəsiz marşrutlara üstünlük verməsini tövsiyə edib.
DOĞRU.AZ




























