Cənubi Koreya terrorizmi maliyyələşdirməkdə ittiham olunan Şakirjon Ulpidjanovu Rusiyaya ekstradisiya edib.
“MVD MEDIA” internet portalının Telegram kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
“Şakirjon Ulpidjanov Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzinin əməkdaşlarının müşayiəti ilə Koreya Respublikasından deportasiya edilib”, – Volk bildirib.
O, aydınlaşdırıb ki, həmin şəxs terrorizmi maliyyələşdirməkdə ittiham olunur, ona qarşı yanvar ayında cinayət işi açılıb. İlkin müəyyən edilib ki, müttəhim cinayəti Cənubi Koreyada törədib. Onun “İslam Dövləti” beynəlxalq terror təşkilatının üzvünə (Rusiyada qadağan olunmuş təşkilat) köçürdüyü pul silah-sursat almaq üçün istifadə olunub.
Mart ayında Ulpidjanov Koreyada saxlanılıb. Avqustun 18-də o, Moskvaya çatdırılmaq üçün Rusiya polisinin nümayəndələrinə təhvil verilib.
Mənbə: Sputnik