Bariatrik cərrah Aleksandr Neymark və endokrinoloq Maria Molotkova RT-yə arıqlama inyeksiyalarının nə zaman təsirli olduğunu, nə üçün ehtiyat tədbirlərinin görülməli olduğunu açıqlayıblar.
Doğru.az xəbər verir ki, mütəxəssislər əvvəlcə diabet müalicəsində istifadə edilən inkretin hormonlarına (GLP-1, GIP) əsaslanan dərmanların hazırda piylənmə terapiyasında sürətlə populyarlıq qazandığını bildiriblər.
Endokrinoloq Molotkova izah edib ki, bu dərmanlar aclıq və toxluq hisslərini tənzimləyən hormonal mərkəzlərə təsir göstərir, xəstələrin iştahalarını idarə etməsinə və qida qəbulunu azaltmasına kömək edir. Lakin onlar yalnız həkim nəzarəti altında və tam müayinədən sonra istifadə edilməlidir.
Molotkova xatırladıb ki, özünümüalicə və düzgün olmayan doza sağlamlıq üçün təhlükəli ola bilər. Onun sözlərinə görə, dərmanı dayandırdıqdan sonra həyat tərzində dəyişiklik edilməsə, çəki geri qayıda bilər. Dərman yalnız ilk addımı atmağa kömək edir, nəticələri qorumaq üçün sağlam vərdişlər və düzgün pəhriz vacibdir.
Cərrah Aleksandr Neymark bildirib ki, dərman müalicəsi piylənmənin erkən mərhələlərində daha təsirli olur, ağır formalarında isə bariatrik cərrahiyyə ən effektiv üsuldur. O qeyd edib ki, piylənmə yalnız kosmetik problem deyil, həm də 2-ci tip diabet, hipertoniyalar, oynaq və ürək-damar xəstəliklərinə səbəb olan ciddi xəstəlikdir.
Molotkova əlavə edib ki, arıqlama iynələri piylənmənin müalicəsində effektiv ola bilər, lakin pəhriz və həyat tərzini dəyişdirməyin əvəzi deyil.
Qeyd edək ki, daha əvvəl “SberZdorovye” şirkətinin həkimi Anastasiya Ağayeva Yeni il süfrəsini əvvəlcədən açmağın təhlükəsizliyini izah etmişdi.
DOĞRU.AZ




























