image-2000x150px
image-123
image-ads_atlas
“Elə zənn edirlər ki, yaxalarında “Press” yazılmış vəsiqə varsa, istənilən yerə gedə bilərlər” – Əflatun Amaşovbackend

“Elə zənn edirlər ki, yaxalarında “Press” yazılmış vəsiqə varsa, istənilən yerə gedə bilərlər” – Əflatun Amaşov

image-728x90px

Özünə “jurnalist” deyən hansısa şəxs hansısa məkana, əsasən də özəl müəssisələrə, ictimai iaşə obyektlərinə yoxlanış adı ilə daxil olur, çəkliş aparır və sair. Məsələnin daha bir maraq doğuran tərəfi isə belə “yoxlamalar”ın nəticəsi olaraq yazılan materiallara əsasən dövlət qurumlarının təmsilçilərinin də yoxlamalara başlamasıdır. Çox təəssüf, burada “işbirliyi”nin olduğunu da müəyyənləşdirdiyimiz vaxtlar da olub.

Jurnalistin, özünə jurnalist deyən şəxsin hansısa obyektə daxil olmaq, çəkiliş aparmaq ixtiyarı varmı? Qanunvericilikdə bu suala cavab yoxdur, amma qanunvericilik jurnalist fəaliyyətinin prinsipial mahiyyətini göstərir. O cümlədən jurnalistin fəaliyyət sərbəstliyini də təmin edir. Burada sual yaranır: hansısa obyektə “çəkiliş edirəm” deyə daxil olan jurnalistlər başa düşürlərmi ki, üzə çıxarmaq istədikləri həqiqətə gedən yol heç də yalnız həmin çəkilişdə deyil? Təcrübə göstərir ki, belələrinin jurnalistin hüquq və azadlıqlarından ümumiyyətlə xəbəri olmur. Elə zənn edirlər ki, yaxalarında “Press” yazılmış vəsiqə varsa, istənilən yerə gedə bilər.

Təbii ki, jurnalist özünün peşə borcunu hər yerdə, hər şəraitdə yerinə yetirməlidir. Bu cəhət heç bir halda kimin və ya kimlərinsə sərbəstliyini və azadlığını məhdudlaşdırmamalı, ictimai asayişin pozulması şübhəsi yaratmamalı, ətrafa mənfi tərzdə yansımamalıdır.

Jurnalist cəmiyyətin maraqlarından çıxış etməlidir. O, həmin maraqlar naminə istənilən qapını açmaq səlahiyyətindədir. Cəmiyyətin maraqlarını, onun dinc birgəyaşamını təhdid edən, insanların sağlamlıq durumuna mənfi təsir göstərən bütün meyllər, həmin meyllərin olduğuna dair şübhələr jurnalist üçün cəlbedicidir. Bu cəlbedicilik isə həmin qapıya qədərki mexanizmin işə salınmasını peşə tələbi zərurətinə çevirir. Çox təəssüf ki, buna məhəl qoyanlar, bunu dərk edənlər olduqca azdır. Nəticədə ortaya adını çəkdiyim yazıda təsvir edilən eybəcər mənzərə çıxır.

Vəziyyət həqiqətən də acınacaqlıdır və bundan qurtulmaq üçün ciddi tədbirlərin gerçəkləşdirilməsinə ehtiyac var. Mətbuat Şurası illərdir mediadan sui-istifadəyə qarşı mübarizə aparmaqdadır. Müəyyən uğurlar da var. Ancaq mediadan sui-istifadəyə son qoyulması üçün sahəyə fundamental yanaşma vacibdir. Bunu dəfələrlə də bildirmişik. İndi isə fürsət yaranıb.
Ümidvaram ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçiriləcək media islahatları belə halların aradan qaldırılması baxımından da effektiv olacaqdır. Bunun üçün isə bütövlükdə media ictimaiyyətinin dəstəyi önəmlidir.

Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının sədri

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki