Tarix bəzən elə şəxsiyyətlər yetişdirir ki, onların adı sadəcə keçmişin səhifələrində yox, həm də gələcəyin yol xəritəsində yaşayır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. 10 may 1923-cü ildə anadan olan bu böyük insanın adı artıq 102 ildir ki, tarixlə yanaşı, qəlblərdə də yaşayır.
Heydər Əliyev təkcə siyasi xadim deyildi – o, millətini zamanın ən çətin anlarından keçirmiş, dövlətçilik məktəbi yaratmış, xalqı öz köklərinə, gücünə və gələcəyinə inandırmış bir vətən övladı idi. Onun rəhbərliyi ilə Azərbaycan təkcə müstəqilliyini bərpa etmədi, həm də bu müstəqilliyi möhkəmləndirdi, qurdu, inkişaf etdirdi.
102 il keçsə də, onun irsi bu gün də yaşayır. Hər bir vətəndaşın rifahı naminə atılan addımlarda, beynəlxalq arenada söz sahibi olan Azərbaycanın hər uğurunda, dünyada “azərbaycanlı” adına olan hörmətdə onun əməyi, vizyonu, uzaqgörənliyi var.
Bu gün Heydər Əliyevin bizə miras qoyduğu ən böyük dəyər onun ideyaları, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsidir. Bu ideyalar bu gün Prezident İlham Əliyevin liderliyi ilə daha da inkişaf etdirilir və Azərbaycanın gələcəyini işıqlandırır.
Ulu Öndərimizin 102 illik doğum günündə onu ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. O, bir xalqın tale yükünü çiyinlərində daşıyan, gələcəyə yol açan nadir şəxsiyyətlərdən idi. Və bu gün biz fəxr edirik ki, Heydər Əliyev kimi liderin xalqıyıq.
Doğru.az olaraq onun əziz xatirəsini hörmət və sevgi ilə anırıq.
İlqam Cəbiyev
DOĞRU.AZ