image-2000x150px
image-123
image-ads_atlas
image-7e2b8e7d-cb59-393d-aba5-6c3555ea7864_850backend

Mərkəz rəhbəri: “Uşaqlara qarşı cinsi zorakılıq törədənlər ən ağır cəzaya məhkum edilməlidir”

image-728x90px

“Bu günlərdə Bərdədə 14 yaşlı qıza 4 yeniyetmənin təcavüz etməsi və bunu videoya çəkməsi, eləcə də Tovuzda 13 yaşlı oğlanın seksual zorakılığa məruz qalması uşaq zorakılığına qarşı mübarizənin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib”.

Bu sözləri Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva bildirib.

Onun sözlərinə görə, uşaqların cinsi toxunulmazlığına qəsd edilməsi, ləyaqətinin alçaldılması onlara qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir:

“Uşaqlara qarşı cinsi zorakılıq törədənlər ən ağır cəzaya məhkum edilməlidir. Bununla bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməli, cəzalar daha da sərtləşdirilməlidir. Uşaqlara qarşı cinsi zorakılıq halları törədən, onlara qarşı seksual hərəkətlər edən belə ünsürlərin sərt şəkildə cəzalandırılması bu kimi əməllərə meylli olanların da əvvəlcədən islah olunmasına səbəb olar. Həmçinin müvafiq qurumlar bu kimi halların qarşısının alınmasına çalışmaqla yanaşı, bunu doğuran səbəblələrin aradan qaldırılması üçün səylərini gücləndirməlidir”.

A.Musayeva həmçinin bildirib ki, internetdə uşaq pornoqrafiyasının yayılmasına qarşı ən sərt tədbirlər seçilməlidir:

“Yeniyetmələrin düzgün tərbiyəsi üçün ailələr və məktəblərlə daha sıx işlənilməli, uşaqların, yeniyetmələrin internetdən istifadəsinə nəzarət artırılmalı və onların zərərli vərdişlərdən yayınmaları üçün birgə iş aparılmalıdır. Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət ayrılmalıdır. Baş verən son hadisələr və əvvəllər də buna oxşar olayların yaşanması göstərir ki, cəmiyyətimizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər yetərli deyil və bu istiqamətdə hələ gediləsi uzun yol var”.

“Uşaqlarımızı hər cür zorakılıqlardan qorumalıyıq. Onların köməksiz vəziyyətindən istifadə edilməsinə imkan verməməliyik. Yetkinlik yaşına çatmayan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Valideynlər övladları ilə səmimi münasibət qurmalı, onların rastlaşdıqları şübhəli vəziyyətlərdən, təqiblərdən vaxtında xəbər tutmalı, davamlı olaraq uşaqlarının davranışlarını müşahidə etməlidirlər. Məktəb psixoloqları da öz vəzifələrinə daha ciddi yanaşmalı, şagirdlərlə sıx təmas qurmalıdırlar. Uşaqların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz. Təcrübə göstərir ki, cinsi zorakılıq halları ilə rastlaşan uşaqların uzun illər psixoloji reabilitasiya keçməsi lazım olur. Onların yaşadığı cinsi travma ömür boyu onları incidir. Kiçikyaşlı oğlan və qızlara qarşı bu cür rəzil hallar ümumilikdə Azərbaycan cəmiyyəti və ailəsi üçün ağır faciədir. Biz cəmiyyət olaraq bu rüsvayçı hallarla mübarizəyə qalxmalıyıq”, – Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva əlavə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki