9 May Qələbə Paradı Günü bir çox dünya dövlətlərinin rəhbərləri Moskvaya toplaşmışdı, Prezident İlham Əliyev isə bu dəfə orada iştirak etmirdi. O, dünyanın ən böyük güclərinin başçıları arasında deyil, öz xalqının yanında, Azərbaycanın torpağında idi. Bu, yalnız bir rəmz deyil, həm də Azərbaycanın müstəqil və suveren bir dövlət olaraq mövqeyini dünya qarşısında bir daha təsdiqləməsi idi.
Prezident İlham Əliyevin Moskvaya getməməsi, həm də Azərbaycanın müstəqilliyinə, öz milli maraqlarına və geopolitik istiqamətinə verdiyi önəmin bir göstəricisidir. Azərbaycanın öz tarixi və mədəniyyəti ilə bağlı aldığı qərarların, həmçinin regional və beynəlxalq arenada izlədiyi siyasətin gücünü və müstəqilliyini bir daha vurğulamaq üçün bu səfərdən imtina etmək strateji bir seçimdir.
Bu gün, 9 Mayda Prezident İlham Əliyev Ağdamda – erməni vandalizminin və işğalının simvolu, eyni zamanda 44 günlük Zəfərin qalib şəhəri olan bu torpaqda idi. Bu səfər, Azərbaycan xalqının tarixindəki böyük dönüşümün, mübarizənin və zəfərin simvoludur. Ağdamda yenidən doğan həyat, bərpa olunan şəhər və Prezidentin oradakı varlığı, bu tarixi anı yalnız yerli, milli bir qürur yox, həm də beynəlxalq səviyyədə Azərbaycanın möhkəm iradəsini nümayiş etdirən bir an olaraq qeyd edir.
İlham Əliyev, Heydər Əliyev siyasətinin davamçısı olaraq, yalnız Azərbaycanın daxili məsələləri ilə deyil, regiondakı və dünya miqyasındakı balansları da düzgün qurmağa çalışır. Prezidentin Moskvada iştirak etməməsi, heç də təcrid olunmaq məqsədini daşımır, əksinə, Azərbaycanın öz siyasətinə, müstəqil xarici siyasət kursuna sadiq qalmasının, milli maraqlarını qorumaq istiqamətindəki qərarlarının bir ifadəsidir.
Doğru.az olaraq biz də bu tarixi anın şahidi olduq. Ağdamda körpə uşaqların Muğam oxuduğu, bərpa olunan küçələrdə atılan addımlar və Prezidentin xalqına olan dərin sevgisi – bu, sadəcə bir səfər deyil, Azərbaycan xalqının zəfərini və möhkəm liderini bir daha göstərən bir anıdır.
Bu seçimi ilə İlham Əliyev bir daha dünyaya göstərdi ki, Azərbaycanın öncə gələn dəyəri öz müstəqilliyi və xalqının rifahıdır və heç bir beynəlxalq tədbir, bu amillərə zidd bir mövqeyə çevrilə bilməz.
İlqam CƏBİYEV,
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü,
“Doğru.az” İnformasiya portalının rəhbəri!