Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının və qripin yayılmasının qarşısını almaq məqsədilə profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir.
Doğru.az xəbər verir ki, oktyabrın 8-dən noyabrın 2-dək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qripəleyhinə peyvənd olunub. Onlardan 2 min 352-si 0–17 yaş, 11 min 364-ü 18–59 yaş, 2 min 846-sı isə 60 yaş və yuxarı şəxslərdir.
TƏBİB-dən bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən gətirilən Fransanın “Sanofi Pasteur” şirkətinə məxsus yüksəkkeyfiyyətli peyvəndlər ölkə üzrə tibb müəssisələrinə paylanıb.
Qripəleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlarda rayon mərkəzi xəstəxanalarına, Bakı şəhərində isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.
Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçirilir.
DOĞRU.AZ




























