Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, eləcə də qripin yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
Doğru.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əhalinin sağlamlığının qorunması məqsədilə tibb müəssisələrində sanitar-gigiyenik rejim gücləndirilib. Bununla yanaşı, xüsusilə risk qruplarına daxil olan şəxslər arasında qrip əleyhinə peyvəndlənmə tədbirlərinə başlanılıb.
Məlumata əsasən, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qrip və onun ağırlaşmalarından qorunmasında mühüm rol oynayır.
Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksəkkeyfiyyətli peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qripə qarşı vaksinasiya Bakı və regionlarda yerləşən, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində oktyabrın 8-dən etibarən həyata keçirilir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlarda rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər. Mütəxəssislər bildirir ki, peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.
Qeyd edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır. Peyvəndləmə həyata keçirilən tibb müəssisələrinin siyahısı ilə linkdə tanış olmaq mümkündür.
DOĞRU.AZ