image-n1karobka_ads
image-123
image-17362709103491023467_1200x630backend

Prezidentin siyasi iradəsi: Qayıdışa çağırış

Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müasir, müstəqil Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi, xalqımızın birliyi və həmrəyliyi sayəsində bütün strateji hədəflərə addım-addım nail olur. Bu gün güclü iqtisadi dayaqlara və qüdrətli orduya sahib olan qalib Azərbaycan, beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdən ölkə kimi böyük nüfuza malikdir.

“Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir”, – deyən Prezident İlham Əliyev illərdir Azərbaycanı qlobal layihələri uğurla icra edən, təşəbbüskar, ədalətli və qətiyyətli bir dövlət kimi beynəlxalq arenada zirvələrə daşıyır.

Bu fikirlər Milli Məclisin Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılovun “Nəticəyə hesablanmış siyasət: Addım-addım Qərbi Azərbaycana doğru” sərlövhəli məqaləsində yer alıb.

Zəfərdən Qayıdışa doğru

Vətən müharibəsində ərazi bütövlüyünü, antiterror əməliyyatları zamanı isə dövlət suverenliyini tam təmin edən Azərbaycan, 30 ilə yaxın davam edən işğala və ədalətsizliyə son qoyaraq öz tarixi torpaqlarını azad etdi. Dağıdılmış və viran qoyulmuş ərazilərdə müasir şəhərlər, qəsəbələr və kəndlər inşa olunur, “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli və mərd şəkildə qayıdışı, bu günkü qüdrətli Azərbaycanın ən parlaq təzahürüdür.

Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş etnik-dini ayrı-seçkiliyin, nifrətin daha bir bariz nümunəsi isə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan soydaşlarımızın 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə etnik təmizləməyə məruz qalmasıdır. Nəticədə 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən çox ailə qovulub, xalqımıza məxsus maddi-mədəni irs məhv edilib.

Təəssüf ki, bu gün də Ermənistan tarixi Qərbi Azərbaycan torpaqlarında xalqımıza məxsus milli-mədəni irsi tamamilə silməyə çalışır.

Vahid məqsədə doğru

Azərbaycan bu gün əməli fəaliyyəti ilə dünyaya sülhün, əmin-amanlığın və əməkdaşlığın ən yaxşı nümunəsini təqdim edir. Tərəfdaş ölkələrlə qurulan qarşılıqlı faydalı əlaqələr və həyata keçirilən regional-qlobal layihələr ölkəmizin sülhsevər siyasətinin bariz göstəricisidir.

Eyni zamanda, xalqımız Qərbi azərbaycanlılara qarşı edilmiş ədalətsizliyi qəbul etmir və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu məsələnin beynəlxalq hüquq çərçivəsində həllini istəyir.

Bu kontekstdə Azərbaycan dövlətinin dəstəyi ilə Qərbi Azərbaycan İcması mühüm fəaliyyət həyata keçirir. İcma “Qayıdış Konsepsiyası”na uyğun olaraq, soydaşlarımızın öz yurdlarına qayıdışına şərait yaradılmasını və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının qorunmasını əsas hədəf kimi müəyyən edib.

Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və digər beynəlxalq sənədlərlə təsbit olunub.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bildirdi:

“Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir – həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün… İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir – ölkə daxilində fəallığı artırmalı və beynəlxalq müstəvidə fəaliyyətini genişləndirməlidir”.

İctimai və beynəlxalq fəaliyyət

Prezidentin tapşırıqları əsasında son dövrlərdə bir sıra mühüm addımlar atılıb. Elmi-praktiki konfranslar, görüşlər, mədəni tədbirlər vasitəsilə maarifləndirmə işləri genişləndirilir. Gənclərlə təşkil olunan görüşlər təkcə məlumatlandırma məqsədi daşımır, həm də milli-mədəni irsin qorunmasına və nəsildən-nəslə ötürülməsinə xidmət edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bir neçə gün öncə verdiyi qərarla İrəvan Qazılığının fəaliyyətinin bərpa olunması isə Qərbi Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ankaradan dünyaya çağırış

Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də ciddi addımlar atılır. İkitərəfli formatda görüşlər, məlumatlandırma sessiyaları və konfranslar təşkil olunur.

Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans bu baxımdan xüsusilə əlamətdar oldu. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət bu mövzuya dövlət səviyyəsində verilən yüksək önəmi bir daha nümayiş etdirdi.
Dövlət başçısı mesajında qeyd etdi:
“Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır.”

Bu qətiyyətli və prinsipial mövqe, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış arzularını gerçəkləşdirmək istiqamətində aparılan məqsədyönlü siyasətin əsasıdır.

Bütün bu addımlar Qərbi azərbaycanlıları böyük amal olan Qayıdışa addım-addım yaxınlaşdırır.

DOĞRU.AZ

image-1748162688409132644_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki