Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi.
Tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. 44 günlük savaş həm də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdü. Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün xaricdən bizə təzyiqlərə cəhd göstərildi. Lakin İlham Əliyev siyasi uzaqgörənliklə, diplomatik peşəkarlıqla həmin cəhdlərin qarşısını aldı. Prezident Ermənistanın işğal siyasətinin dəstəklənməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüslərə qətiyyətlə sinə gərdi, onların reallaşmasına imkan vermədi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdıqdan bir həftə sonra Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə Qarabağda quruculuq işlərinin təməli qoyuldu.
Sonradan möhtərəm Prezidentimiz ölkənin birinci xanımı ilə birlikdə işğaldan azad edilmiş rayonların, hamısına səfər etdi və bərpa-quruculuq işləri geniş vüsət aldı. Mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. Tezliklə ərazilər minalardan tamamilə təmizləndikdən sonra insanlarımız, bu qədim diyarın əsl sakinləri yenidən öz doğma ocaqlarına qayıdacaq, firavan həyat yenidən təmin ediləcək, yurddaşlarımız əkib-becərəcək, qurub yaradacaqlar. Bütün bunlar lap tezliklə reallaşacaqdır.
Bu il mayın 10-da Ümummilli lider Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə oldular. Dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verildi. Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar. Heç kimə sirr deyil ki, dövlət başçımızın və Birinci vitse-prezidentin Qarabağa hər səfəri xalqımıza yeni müjdələr verir.
Eyni zamanda ölkəmizdə artıq bir ənənədir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva əlamətdar günlərdə, hətta ad günlərində xalqımızın ən həssas nümayəndələri bir araya gəlir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra isə onları işğaldan azad edilmiş və tezliklə gülüstana çevriləcək Qarabağ torpaqlarında görmək hər birimizin sevinc və səbirsizliklə gözlədiyimiz müqəddəs səfərlərdir.
Hər kəs bilir ki, məhz möhtərəm Prezidentimizin rəhbərliyi ilə tezliklə Qarabağ torpaqlarında yaradılacaq xarüqələr, həm xalqlmız, həm də mütərəqqi dünya üçün əvəzsiz töhfə olacaq. Bu mənada, həm Prezidentimizin, həm də Birinci vitse-prezidentin tez-tez Qarabağın müxtəlif yerlərində görünməsi hər birimizin ürəyincə olmaqla, geniş anlamda xalqımızın gözləntisidir.
Möhtərəm Prezidentimiz işğaldan azad edilmiş torpaqlarda geniş miqyasda aparılan möhtəşəm quruculuq layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etməklə, həm də bu işlərin gedişatı prosesinə də şəxsən özü nəzarət edir. Yadınızdadırsa, Qarabağda ikinci dəfə Novruz tonqalını yandıran möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva, həm də həyata keçirilən işlərə nəzarət və onilliklər boyu bu torpaqlara göz dikmiş erməni vandallarına və bu vandalları dəstəkləyən qüvvələrə növbəti mesaj idi.
Çox təəssüf ki, hələ də bəzi ölkələr və beynəlxalq təşkilatlar işğaldan azad olunmuş Qarabağ ərazilərində 67 məsciddən 63-nün ermənilər tərəfindən tamamilə dağıdılmasına lazımı münasibət bildirməyibdir. Sözsüz ki, bu məscidlərin yenidənqurma və bərpa işlərində Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür. Bütövlükdə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma və bərpa işləri kompleks şəkildə, planauyğun həyata keçirilir.
İcra olunan layihələrin əhatə dairəsinin geniş olması və sürətlə aparılması bu ərazilərə tezliklə qayıdışımızın olacağından xəbər verir. Və bu məsələdə xalq Prezidentinin və 1-ci vitse- prezidentinin yanındadır. Bəli, Azərbaycanın uzaqgörən dövlət başçısının şəxsən nəzarəti və tapşırıqları ilə bu ərazilər tezliklə ən müasir şəkildə yenidən qurularaq istifadəyə veriləcəkdir. Bütün bu işlərə xalq-iqtidar birliyi, milli həmrəyliyini möhkəmləndirən cənab Prezidentin rəhbərliyi altında nail olacağıq və bütün dünyaya müasir şəkildə yenidən qurulmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını təqdim etməklə Azərbaycanın gücünü və bu torpaqların azərbaycanlılara məxsus olduğunu bir daha göstərəcəyik.
Və ən əsası, Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi hər bir səfər bu ərazilərə yeni ruh, dirçəliş gətirir.

Aynur xanım Musayeva
Tanınmış iqtisadçı, iş adamı, xeyriyyəçi
Uşaq İnkişaf Mərkəzinin rəhbəri

























