Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərlik şəxsi heyət, 51 texnika və 4 helikopter cəlb olunub.
Bildirilib ki, relyefin çətinliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, əməliyyat gecə-gündüz fasiləsiz şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.
DOĞRU.AZ