image-2000x150px
image-123
image-ads_atlas
image-received_471414733621122backend

Qələmsiz yazılanlar Rəşad Məcidin status-esseləri

image-728x90px
Rəşad MƏCİD Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru

Aqil Abbasın duzlu və koloritli qələmi korşalmasın!..

Sabah da ad günüdür. İndidən təbrik edirik.

Ağdamda açılan qanadları bükülməsin!..

***

Rəqib professorların ortaq dəyəri – Aqil Abbas!..

***

Kitabını heç 1 manata da alan yoxdur, amma özün dahi sayır…

***

Makron fransızlara yeni qadağa qoyub: evdən 10 kilometr uzağa getmək olmaz.

10 kilometr radiuslu dairədə fırlan nə qədər istəyirsən: amma cızığından çıxma…

***

Təzə dostlar əvvəl-əvvəl bir az şirin olur. Sonra dadı qaçır…

***

Deyəsən, heç kimin 1 aprellik ovqatı yoxdur: nə aldadan oldu, nə zarafat edən…

***

“Like” arzusu özünütəsdiqin aldadıcı formasıdır…

***

İndi dövlət qurumlarının əksəriyyətini gördükləri işdən çox, bu işin təbliği, reklamı düşündürür. Özləri həm icraçı, həm də qiymətləndiricidir. Kənar müşahidəyə, ictimai nəzarətə, müstəqil qiymətləndirməyə qəzəblə yanaşırlar.

***

Xankəndiyə yol Ukraynadan keçir?!

***

Təəccüblənməyə nəsə qalmayıb…

***

Pandemiya çox şeyləri mənasızlaşdırdı: çox arzular puç oldu, çox planlar pozuldu, çox dəyərlər qiymətdən düşdü…

***

Siyasət həm də mövcud şəraiti qiymətləndirmək və hiss etmək bacarığıdır. İntuisiya genetik keyfiyyətdir, məlumatlılıq  vacib komponentlərdəndir. Məqamında göstərilən cəsarət isə siyasətçinin tarixən ən üstün bacarığı sayılıb.

***

“Şövqlə, arı kimi işləyəcəyik!”

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahid Bağçı diplomatik fəaliyyətinin ilk anonsunu verdi, məramını qısa və aydın şəkildə bəyan etdi.

Xeyirli-uğurlu olsun!..

***

Əsas deyilən söz, çatdırılan fikirdir: bunun ayaq üstə, ya oturaqlı ifadə olunması elə bir əhəmiyyət daşımır. Ayaq üstə 1 saat boş-boş danışmaq da olar, oturan yerdə bir cümlə deyib, dinləyəni silkələmək də…

***

Təbiət ekranda daha gözəl görünür…

***

Normal sevinməyi də bacarmırıq…

***

Ciddi sözü zarafatda deyirlər?..

***

Telefonları sındırmaq, qırmaq zamanı da gələcək.

Məhvə sürükləyən, sonu yaxınlaşdıran texnologiyaların ən qorxulusu…

***

Heç kim “xoruz buraxmaqdan” sığortalanmayıb…

***

Guya nəsə matah fikirlər söyləyir, hələ səhifəsini də xalqa bağlı saxlayır…

***

Küləyin tamı necədir, dadan varmı?..

***

Sosial şəbəkə və televiziyalar depressiya mənbəyidir…

***

Məşhur Səlcuq Bayraqdar İTV-nin “Radius” verilişinə müsahibəsində uğur qazanmağın əsas şərti kimi özünə güvənməyin, görəcəyin işə, qarşına qoyduğun məqsədə hədsiz inamın zəruriliyini qeyd etdi. Onu da dedi ki, təkcə özünün özünə inanmağın azdır, ətrafının, yaxınlarının da sənə güvənməsi, dəstək verməsi çox vacibdir: ağız büzüb, alınmayacaq desələr, nəticə olmayacaq.

Bax bu “ətrafın ağız büzməsi, inanmaması” şakəri bizim ən mənfi cəhətimizdir. Ətrafdakıların belə laqeyd münasibətindən indəyəcən nə qədər istedadın qanadı qırılıb, arzuları reallaşmayan neçə-neçə dühalar məhv olub.

***

Bütün yollar tıxacdır…

***

Boş qayıdan təyyarə…

***

Havanı dezinfeksiya etmək olmur…

***

Kayret İmanəliyevlə 2013-cü ildə Səudiyyə Ərəbistanında səfərdə olmuşuq. Məkkəyə getmişik, ümrə ziyarəti etmişik. Sonra 2014-də Bişkekdə bir də görüşdük.

Kayret yazıçı-dramaturqdur, jurnalistdir. Dədə Qorqud motivləri əsasında pyes yazıb, Bişkek teatrlarında səhnələşdirilib. Azərbaycan ədəbiyyatı, mədəniyyəti barədə məlumatlıdır. O vaxtlar qırğız televiziyasında çalışırdı. İki ay qabaq Qırğızıstanın Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri təyin olunub. Türk Şurasının informasiya nazirlərinin toplantısıyla bağlı Bakıya gəlib.

Dünən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüşdük. Yeni təyinatı münasibətilə təbrik etdim. Çıxışımda Məkkə ziyarətimizi də yada saldım, orada Qarabağın azad olunması üçün dua etməyimi xatırladım. Bu dəfə birlikdə Şuşaya, Vaqif Poeziya Günlərinə getməyimizi arzuladım.

Səfər yoldaşımız, jurnalist İttifaq Mirzəbəyli iki gün qabaq Kayretin Bakıya gəlişini bilib Səudiyyə səfərimizdən şəkil paylaşıb və yazıb ki, Rəşad Məcid ona Qeyrət müəllim deyirdi.  Düzü, burasını tam xatırlamıram, amma o səfərimiz yadımda çox xoş və işıqlı qalıb: xüsusən də “Ağanisənin duası” sayəsində proqramın dəyişilməsi və müqəddəs şəhərə getməyimiz.

Bu barədə neçə il qabaq bir qısa xatirə də yazmışdım. Bu görüş həmin hadisəni də yenidən yadıma saldı.

AĞANİSƏNİN DUASI

Səudiyyəyə getmişdik. Türkdilli respublikalardan və Tacikistandan jurnalist qrupuydu. Ağanisə Sultanova da bizim qrupdaydı. Köhnənin jurnalistidir. Nümayəndə heyətləri olan ölkələrdəki Səudiyyə səfirləri də oradaydı. İqtisadi forum keçiriləcəkdi, ona görə də əsasən sənaye müəssisələrinə səfərlər edirdik: Çörək zavodu, Süd zavodu, Neft emalı zavodu.

Ağanisə isə səfirlərdən əl çəkmirdi: “A Mekke, ne budet?”

Səfirlər bu sualdan yorulmuşdular, Ağanisəni görəndə qaçırdılar.

Bir səhər otelin önündə səfirləri narahat, ora-bura vurnuxan gördüm. Məlum oldu ki, nazirlər gəlmədiyinə görə İqtisadi forum təxirə düşüb. Bakıdakı Səudiyyə səfiri dedi: “Deyəsən, Ağanisənin Məkkə arzusu reallaşacaq! Bu gecə gedəcəyik”.

Beləcə, bizə oteldə ziyarət libasları geyindirdilər. Gecə yarısı təyyarəyə mindik. Səhər saat 4-də Məkkədəydik. Ümrə ziyarətinə başlamışdıq. Ağanisə arzusuna çatmışdı. Məni isə ən çox heyrətləndirən Məkkənin – ziyarətgahın ətrafındakı göydələnlər idi. Kəbənin girişində Zəmzəm suyu içdik və səhər namazını da AzTV-nin operatoru, gənc səfər yoldaşım Vüqarla birgə orada qıldıq. Sonra müqəddəs məkana daxil olduq, ayinləri yerinə yetirdik, dua etdik.

Hər dəfə bu hadisəni xatırlayanda M.F.Axundovun “Dərviş Məstəli Şah”ı yadıma düşür, gülümsəyirəm – Ağanisənin Beynəlxalq İqtisadi Forumu təxirə salan dualarına gülümsəyirəm!..

***

Bu özünü “yeni media”, “peşəkar jurnalist” adlandıran bəzi sayt əməkdaşlarına bir inşa, lap elə, bir imla yazdıran lazımdır ki, görək hələ cümlənin baş-ayağından, dilin qayda-qanunlarından düz-əməlli xəbərləri varmı? Hər fürsətdə özünü gözə soxan, hər yerdə başa keçməyə çalışan bu yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar.

İşğaldan azad olunmuş bölgələrə canfəşanlıqla səfər edən belə “jurnalistlərin” bu barədə hansısa normal bir yazısını, təəssüratını kimsə xatırlayırmı? Hələ bir durub da redaktorlara rişxənd edirlər. Halbuki təkcə Ağdam səfərindən media rəhbərləri nə qədər səviyyəli yazılar yazdı. Belə yazılardan birini də iddiası yerə-göyə sığmayan o “jurnalistlər” yazıb ortaya çıxaraydılar də. Yoxsa boşuna hay-küy salmaqla, stəkanda firtına yaratmaqla, İP yığmaq xatirinə eşitdiyin hər xəbəri dürüstlüyünü dəqiqləşdirmədən, ala-çiy, başayaq cümlələrlə qoparaq sayta yerləşdirməklə deyil ki.

Ara qarışıb, məzhəb itəndə, xaos yarananda həqiqi dəyərlər də yoxa çıxır.

Amma gedişatını nə qədər ləngitməyə, yolunu dəyişməyə çalışsalar da, Zaman elə Zamandır: yağı yağ, ayranı ayran edən hökmünu bir gün mütləq verir!..

***

Telefon imkan vermir kitaba yaxınlaşasan…

***

Açıq məkanda maska vacibdir, çünki virus havadan yayılır…

***

Dingiş TV-lər azıydı, biri də böyürdən çıxdı…

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki