image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240201-wa0010backend

Şahin Rəhmanlı: “Bundan sonra da gənclərimiz Vətənin müdafiəsinə hazır olmalıdırlar”

image-728x90px

Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu münasibətlə mən bütün Azərbaycan gəncliyini təbrik edir, onlara uğurlar arzulayıram. Azərbaycanın parlaq gələcəyi məhz gənclərimizin zəhmətkeşliyi, fədakarlı və yaradıcılığına ehtiyac duyur. Gənclər hər bir dövlətin hərəkətverici qüvvəsi olmaqla yanaşı, həm də ümummilli məsələlərdə həlledici mövqeyə sahibdir.

Dövlət gənclər siyasətinin əsas fundamental təməllərini atarkən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan gənclərinin qarşısında mühüm tarixi vəzifələri müəyyənləşdirdi. Həmin dövrdə müxtəlif təhlükələrin – müharibə şəraiti, sosial problemlər, ideoloji basqılar fonunda gənclərin enerjisinin, dinamikasının ölkəmizin milli maraqları uğrunda səfərbər edilməsi, müasir Azərbaycançılıq ideologiyası əsasında, vətənpərvərlik ruhunda tərbiyəsi işinin təşkili məhz uzaqgörən siyasətin ana xətti idi.

Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə gənclər sahəsinə xüsusi diqqət ayrılması, ilk ixtisaslaşmış dövlət qurumunun Gənclər və İdman Nazirliyi olması, Azərbaycan Gənclərinin I Forumu, 1997-cı ildə 2 Fevral – Gənclər Gününün təsis olunması (Məhz Beynəlxalq Gənclər Günündən öncə, o 1998-də qəbul olunub) kimi bir sıra görülmüş işləri qeyd edə bilərik. Təbii ki, Ümummilli Lider hər bir zaman Azərbaycan gəncini vətənpərvər, savadlı, intellektual və rəqabətədavamlı görmək istəyirdi. O zamanlardan gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına şəraitin yaradılması, orduda ruh yüksəkliyinin artırılması kimi bir sıra mühüm addımlar atılıb ki, bu addımlar 30 il sonra tarixi ədalətin bərpasında Azərbaycan gəncliyinin bütün müsbət keyfiyyətləri ilə bir yumruqtək Ali Baş Komandanın ətrafında sıx birləşməsi ilə nəticələnəcəkdi.

Prezident İlham Əliyevin fəaliyyəti dövründə ölkə gəncliyinə göstərilən daimi diqqət uğurla davam etdirilib. “Azərbaycan Gəncliyi” Dövlət Proqramları, “Azərbaycan Gəncliyinin 2015-2025-ci illərdə İnkişaf Strategiyası”, gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması üçün qəbul olunan Dövlət proqramları, Gənclər üçün Prezident mükafatları, “Heydər Əliyev adına Təqaüd”, “Gənc istedadların qızıl kitabı”, “Yüksəliş müsabiqəsi” – bütün bunlar dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin motivlərindəndir.

Lakin ən əsas məqam gənclərin vətənpərvər və milli ruhda formalaşdırılmasıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əsası gənclərdən təşkil olunmuş ordumuzun Vətən müharibəsində qazanmış olduğu misilsiz qələbə bir daha sübut etdi ki, bugünkü gənclik vətənpərvərdir, güclüdür, milli-mənəvi dəyərlərinə sadiqdir. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyev dövlət gənclər siyasəti haqqında danışarkən qeyd edirdi: “Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”. Görüş zamanı xüsusilə postmüharibə dövrünün yeni çağırışları fonunda Azərbaycan gəncliyinin inkişaf tendensiyaları dövlət başçısı tərəfindən incəliklə vurğulandı.
Bütün bu istiqamətləri nəzərə alaraq, gənclərimiz bundan sonra da, vətənpərvər, fiziki və zehni hazırlıqlı olmalı, Qarabağın, ölkəmizin hər bir regionunun quruculuğunda rol almalı, dövlət maraqlarını hər şeydən üstün tutmalı, hər hansı bir təhdidə qarşı daim müdafiəyə hazır olmalıdırlar.

Məxsusi olaraq qeyd etməliyik ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsindən sonra dövlət suverenliyinin təmin olunmasında da fəal iştirak etdi. 19-20 sentyabr tarixlərində baş tutmuş lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri və digər ərazilərimizdə dövlət suverenliyi təmin olunaraq, Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı.

Qarşıdakı günlərdə xalqımız daha bir mühüm hadisəyə şahidlik edəcək. 7 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilk dəfədir ki, respublikamızın bütün bölgələrində həyata keçiriləcək. Fürsətdən istifadə edərək, gənclərimizi və bütün vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə çağırıram. Əminik ki, bütün ümummilli məsələlərdə olduğu kimi Azərbaycan gəncliyi bu seçkilərdə də öz fəallığını nümayiş etdirərək, Vətən üçün, gənclik üçün, gələcək üçün İRƏLİ deyəcəklər.

Şahin Rəhmanlı,

“İRƏLİ” İctimai Birliyinin sədri

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki