Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində səfərdə olub.
Doğru.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibb müəssisələri, elmi-tədqiqat mərkəzləri və ali təhsil ocaqları ilə tanış olub.
Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyi ilə görüşüb. Qonaqlara məlumat verilib ki, 1992-ci ildə təsis edilən RISEBA Latviyanın ən böyük özəl ali təhsil müəssisələrindən biridir və dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq edir, tələbələrə peşəkar məqsədlərinə uyğun təhsil proqramları təqdim edir.
Səfər çərçivəsində Riqa Şərq Universitet Xəstəxanasının Təcili yardım və pasiyent qəbulu klinikası, eləcə də Travmatologiya və Ortopediya Xəstəxanasına da ziyarət olunub. Xəstəxanaların infrastrukturu, innovativ tibbi texnologiyaların tətbiqi və travmatologiya, ortopediya, təcili yardım xidmətləri üzrə təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Daha sonra nümayəndə heyəti Latviyanın “Grindeks” aparıcı əczaçılıq şirkəti ilə tanış olub. Farmasevtik istehsal prosesi, keyfiyyətə nəzarət, dərman təhlükəsizliyi və yeni preparatların hazırlanması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib.
Riqa Stradinş Universitetinin Tibb Təhsil Texnologiyaları Mərkəzi, Latviya Universitetinin Tibb və Həyat Elmləri fakültəsi, eləcə də Uşaq Klinik Universitet Xəstəxanasında görüşlər keçirilib. Tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgə təlimlər və pediatriya sahəsində elmi-klinik əməkdaşlıq məsələləri müzakirə olunub.
Nümayəndə heyəti E. Qulbis laboratoriyasında Latviya Tibb İşəgötürənləri Assosiasiyası (VADDA) ilə də görüşüb. Görüşdə laborator xidmətlərin təşkili, diaqnostik imkanların genişləndirilməsi və müasir laborator standartların tətbiqi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
DOĞRU.AZ





























