image-2000x150px
image-123
image-ads_atlas
image-img-20221211-wa0040backend

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva: “Ümummilli Lider uşaqların ən böyük hamisi idi”

image-728x90px

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev uşaqların ən böyük hamisi idi. “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” deyən Ulu Öndər uşaqların sağlam, təhsilli, vətənpərvər böyüməsinə xüsusi önəm verirdi. Uşaqlara qayğı göstərilməsini vacib sayır, bunu hər kəs qarşısında vəzifə olaraq görürdü. Dahi Şəxsiyyətin “Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur” sözləri gələcək nəsillər üçün böyük mirasdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Ulu Öndərin uşaqlara böyük qayğısı, sevgisi və dəstəyi ölkəmizdə dövlət uşaq siyasətinin formalaşmasında mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə uşaqların müdafiəsi və hüquqlarının qorunması istiqamətində zəngin qanunvericilik bazası yaradılıb. 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”. Azərbaycan həmçinin həmin illərdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Bəyannaməni qəbul edib. Bundan başqa, ölkədə “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və digər çoxsaylı qanunlar qəbul olunub. Ulu Öndər daim kimsəsiz, valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud uşaqları himayə edib, onların rahat həyat keçirmələrini təmin etmək üçün böyük işlər görüb.

Ümummilli Liderin Heydər Əliyevin yaratdığı ənənələr bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqların sağlamlıqlarının qorunması, müasir tələblərə uyğun səviyyədə təhsili və təlim-tərbiyəsi üçün lazımi şərait yaradır, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır. Uşaq hüquqları ilə bağlı qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəldilmiş dövlət proqramları qəbul edilib. Heydər Əliyev Fondu kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqların taleyini hər zaman diqqət mərkəzində saxlayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi uşaqlaqımızın xoşbəxt gələcəyi üçün böyük təminatdır. Daha uşaqlarımız “məcburi köçkün” deyil. Dövlətimiz onların ailələri ilə birgə Qarabağa böyük qayıdışını həyata keçirir. Artıq Böyük Qayıdışın ilk addımlarının atıldığı Zəngilanın Ağalı kəndində uşaqlar üçün müasir məktəb və uşaq bağçası istifadəyə verilib. Onların öz doğma yurdlarında, ata-baba ocaqlarında böyüməsi təmin edilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzurun   hər bir yaşayış məntəqəsində qayğısız, xoşbəxt uşaq gülüşləri eşidiləcək. Bu gün Azərbaycan Ulu Öndərin arzuladığı ölkədir. Müstəqil və qalib Azərbaycan xalqımızın xoşbəxt və yüksək rifah içərisində yaşayışını təmin edəcək. Ulu Öndərin dediyi kimi, “Azərbaycanın böyük tarixi keçmişi olduğu kimi böyük də gələcəyi vardır. Azərbaycanın keçmişində və son illərində nə qədər əzab-əziyyətli mərhələlər, dövrlər olubsa, gələcəyində də o qədər xoşbəxt günlər olacaqdır!”

DOĞRU.AZ

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki