İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei ölkədə baş verən kütləvi etirazlar zamanı çoxsaylı insan itkisi olduğunu etiraf edib.
Sfera.az xəbər verir ki, Xamenei bu barədə sosial şəbəkə platforması “X”də paylaşım edib. O bildirib ki, aksiyalar zamanı “bir neçə min nəfər” həyatını itirib.
Ali lider qanlı olaylara görə məsuliyyəti birbaşa xarici qüvvələrin üzərinə ataraq, baş verən qətllərin və iğtişaşların ABŞ və İsrail tərəfindən əvvəlcədən planlaşdırıldığını iddia edib.
Xamenei etirazlar zamanı dövlət və dini obyektlərə vurulan zərər barədə də məlumat verib. Onun sözlərinə görə, vandalizm nəticəsində ölkə üzrə 250 məscid, eləcə də 250-dən artıq təhsil və elmi müəssisə ciddi dağıntılara məruz qalıb. O, bu hadisələri “İslam prinsiplərinə və dövlətçiliyə qarşı xəyanət” kimi dəyərləndirib və təhlükəsizlik strukturlarını asayişin bərpası üçün daha sərt tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, İranda etirazlar ötən ilin dekabr ayının sonlarından etibarən iqtisadi problemlər və milli valyutanın sürətlə dəyər itirməsi səbəbilə başlayıb, sonradan isə siyasi tələblərlə müşayiət olunub. Beynəlxalq insan haqları təşkilatları isə ölənlərin sayının artmasından narahat olduqlarını bildirərək, rəsmi Tehrandan nümayişçilərə qarşı güc tətbiqinin dayandırılmasını tələb edirlər.
DOĞRU.AZ




























