image-2000x150px
image-123
image-ads_atlas
image-received_366287400656789backend

Ali Baş Komandan ötən illərdəki arzularımızı reallaşdırdı

image-728x90px

RHİM İB ötən müddətdə nümunəvi fəaliyyətini, öz mənəvi məsuliyyətini sosial və mədəni həyatın bütün sahələrinə yönəldərək vətəndaş cəmiyyəti institutu olaraq özünü təsdiq edib. Öz üzərinə əhalinin hüquqi və iqtisadi sahədə yetərincə maarifləndirilməsi, onların hüquqi düşüncəsinin və mədəni səviyyəsinin yüksəldilməsi işinə kömək göstərmək, bununla bağlı layihələr həyata keçirmək, əlillərə, kimsəsizlərə, şəhid ailələrinə, digər sosial təminatı aşağı olan ailələrə yardım göstərmək kimi vəzifələr götürmüş təşkilat ötən 2020-ci ildə – pandemiya dövründə də fəaliyyətinə davam edib. Cəmi 3 il ərzində özünü cəmiyyətdə lazımınca tanıda bilən ictimai birlik, həm də bütün çağırışlara açıq və müsbət cavabları ilə seçilməyi bacarıb.
Qlobal pandemiyanın sərt şərtləri göstərdi ki, iş görmək, fəaliyyətini davam etdirmək istəyən hər kəs bütün qadağa və məhdudiyyətlər daxilində də tələblərə əməl etməklə faydalı uğurlara imza ata bilər. Biz bunu hüquqşünas Arzu Bağırovanın rəhbərlik etdiyi ictimai birliyin fəaliyyət nümunəsində gördük. RHİM İB Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına fəal qoşuldu. Pandemiya mövzusunda vətəndaşların maarifləndirilməsi məqsədi ilə bölgələrdə tez-tez karantin rejiminin tələblərinə uyğun şəkildə görüşlər təşkil edərək, həm əhalini məlumatlanmasına yardımçı oldu, həm də onları tibbi maska, dezinfeksiyaedici maddələrlə təmin etdi. Həmçinin onlarca aztəminatlı ailənin maddi təlabatlarına dəstək oldu.
Hələ 2020 -ci ilin iyun ayında bədnam qonşuların Azərbaycan –Ermənistan sərhədini Tovuz rayonu istiqamətində pozması ilə başladığı təxribat nəticəsində hərbçilərimizin şəhid olmalarına biganə qalmayan rəhbərlik ön cəbhə kəndlərini, eyni zamanda şəhid ailələrini ziyarət edərək, onlara vəfa borcunu ödəməklə dəstək oldu. 44 günlük Vətən müharibəsi dövründə silahlı qüvvələrin Yardım Fonduna, sonrakı dönəmdə YAŞAT fonduna. Qarabağ Dirçəliş Fonduna ianələr etməklə dövlətin çağırışına hazır olduğunu təsdiq etdi. Milli Qəhrəman Səfiyar Behbudov haqqında “Qürur dastanı” və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş kitabların nəşrinə dəstək oldu.
Cəmiyyət gənclərin təhsilinə də diqqət və qayğısını əsirgəmədi. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qızlarımızın təhsil almaları istiqamətindəki çağırışına qoşularaq Masallının Bədəlan kəndindən tələbə adını qazanan bir qrup qızın təhsil haqqını ödəməklə, onların təhsil almalarına vəsilə oldu.
Fiziki imkanları məhdud vətəndaşlarımıza, xüsusilə də yeniyetmə və gənclərimizə, həmçinin onların birləşdiyi qurumlara dəstək ötən il də cəmiyyətin fəaliyyətində əsas istiqamətlərdən olub. Eyni zamanda, təşkilat mətbuata açıq olmaqla, KİV-lə müntəzəm əməkdaşlıq edib.
Türk dövlət və xalqlarının birliyi istiqamətində də əməkdaşlıq əlaqələri möhkəmləndirilib. Başqırd əsilli, dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Aygiz Baymuxammetin “Getmə, ana” kitabını, Qazax klassiki Abayın 200 illik yubileyi münasibətilə Mahmud Kaşqari Fondunun hazırladığı əsərləri Azərbaycan dilində, “Qarabağ hekayələri”nin özbək və qırğızca nəşrinə dəstək verib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri, “İlin işgüzar xanımı”, “Gənclərin dostu” Milli mükafatlarına layiq görülən Arzu Bağırova deyir:
– Qarabağ həqiqətlərinin və ölkəmizin ədalətli mövqeyinin, qazandığımız uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan mədəniyyəti və incəsənətinin ölkə xaricində təbliği, tərənnümü, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhid ailələrinə, qazilərə, əlillərə qayğı və diqqət, kitab nəşri, dövlət başçısının islahatlar kursunu dəstəkləyən mövzularda layihələrin həyata keçirilməsinə töhfəmiz olduğundan qürur duyuruq. Daha bir ilimiz arxada qaldı. Kimsədən arxada qalmamaqla yola davam edəcəyik. İctimai birlik olaraq Milli Məclisin Mədəniyyət komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Masallı Rayon İcra Hakimiyyəti və digər dövlət orqanları, ABAİ İB, DGTYB, Fitoterapevtlər İB, “Xocalı Soyqırımını Tanıtma” İB, digər bir sıra QHT-lərlə əməkdaşlığımız da davamlı olacaq.
Qeyd edim ki, fəaliyyətimdə yalnız bir devizə köklənmişəm: uğur diqqətli planlaşdırma, çox çalışmaq və sonsuz zəhmətin məhsuludur. …Və hər şeyin zamanı var. Biz də hər şeyi zamana buraxaraq zəhmətlə çalışmağa davam edəcəyik.
Xalqımız ötən ay əziz milli bayramı qeyd etdi. Öncə şəhid ailələrini, qaziləri, sonra bir sıra az təminatlı insanların evlərini bu Novruz bayramında ziyarət etdik, onlara maddi, mənəvi dəstək olmağa çalışdıq. Çox sevinirəm ki, ötən illərdəki arzu-diləyimizi Ali Baş Komandan möhtəşəm qələbə ilə reallaşdırdı. Qarabağımız işğaldan azad edildi. Bayram tonqallarımızın azad edilmiş torpaqlarda qalanması hər kəsə sevinc, xüsusi qürur yaşatdı. Allah xalqımıza bu tonqalların Zəngəzurda, Göyçədə çatılmasını görməyi nəsib etsin.
Onu da deyim ki, dünya müsəlmanlarının insanı mənəvi təmizlyə, saflığa, dürüstlüyə səsləyən Ramazan ayı gəlib. Pandemiya ilə əlaqədar, əhalinin sağlamlığının qorunması məqsədilə, yəqin ki, ötən illərdəki kimi kütləvi iftar süfrələri verilməyəcək, məscidlərdə sıx toplanmaya ehtiyac olmayacaq. Hər kəs öz ailə daxilində ibadət və dualarını edəcək. Arzu edək ki, bu bəla xalqımızın başı üstündən tezliklə çəkilsin. Pandemiyasız, normal həyatımıza dönək. Allah hər kəsin imanının kamil etsin! Amin!
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki