image-2000x150px
image-123
image-ads_atlas
image-busaat_692cd51ead01e1bb15cf6e02a0577da0_x7v0m9fuqnz4jo8wbksebackend

ANAR MƏMMƏDOV: Zəngəzur dəhlizi regionun sülh qarantına çevriləcək

image-728x90px
Aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bildirməklə bu dəhlizin gələcəkdə Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcəyindən, eyni zamanda Azərbaycanın konstruktiv əməkdaşlığa hazır olduğundan xəbər vermiş oldu.

44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir.

Dəhlizin açılması ilə ilk növbədə təcrid şəraitindən azad olunduğu üçün ölkə iqtisadiyyatına tam inteqrasiya oluna biləcək Naxçıvanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq. Bu dəhliz sayəsində Naxçıvan dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək.

Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitənin əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək.

Ölkə başçısının da öz müsahibəsində qeyd etdiyi kimi “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Beləliklə, Ermənistanda da başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkənin illər boyunca yoluxdurulduğu dağıdıcılıq xəstəliyindən qurtulmasında, aclıq və səfalətdən xilas olmasında xüsusi rol oynayacaq. Dəhlizin açılması həm də vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin yenidən qayıdışı üçün imkanlar yarada bilər.

Göründüyü kimi, yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Tezliklə xarici investorların da azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcək. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki