Mayın 18-də “Sea Breeze” kurort şəhərciyində Azərbaycanda ilk özəl yaxta klubu olan Sea Breeze Marinanın rəsmi açılışı keçirilib. Bu, kurortun inkişafında mühüm mərhələ hesab olunur.
Təntənəli mərasimdə “Sea Breeze” şirkətinin təsisçisi və sahibi Emin Ağalarov, onun şərikləri Orxan Mustafayev və Arad Tevalkov iştirak edərək Marina Village mənzərəli yaşayış kompleksinin tikintisinə də start veriblər.
“Bu gün biz kompleks mühəndislik strukturuna malik Sea Breeze Marina – tam hüquqlu yaxta klubunu təqdim edirik. Bu layihə üzərində son iki ildə çalışmışıq. Sea Breeze Marina kurortun sakinləri və qonaqları üçün xüsusi istirahət məkanı olacaq”, – deyə Emin Ağalarov bildirib.
E.Ağalarov, həmçinin Rusiya turizm bazarının aparıcı iştirakçılarından biri – “Fun&Sun” tur operatoru ilə müqavilə imzaladığını da açıqlayıb.
Açılış tədbiri zəngin proqramla yadda qalıb. Qonaqlar DJ CAME, The Excellent Music Band və Elvin Salmanovun canlı çıxışlarından zövq alıblar. Gecə möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Tədbir çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyası uşaqlar üçün ustad dərsləri təşkil edib. Balaca iştirakçılar sahildə ilkin məşğələlər keçərək gələcəkdə yaxta məktəbinə yazılmaq imkanı qazanıblar.
60-dan çox yaxtanı qəbul etmək imkanına malik Sea Breeze Marina, eyni zamanda gəzinti bulvarı, yaşıl istirahət zonaları, yemək meydançası və ticarət xiyabanı ilə də fərqlənir. Yeni marina Marina Village məhəlləsinin tərkib hissəsi kimi fəaliyyət göstərəcək.
Zeynəb Abbasova
DOĞRU.AZ