Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi başlanıb.
Doğru.az xəbər verir ki, martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayıcı döyüş başlıqlı iki pilotsuz uçuş aparatı vasitəsilə Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücum həyata keçirilib.
İlkin araşdırmalara görə, PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb. Hadisə nəticəsində hava limanının inzibati binasına ciddi ziyan dəyib və hava limanının fəaliyyəti müvəqqəti pozulub. Bu səbəbdən Naxçıvan–Bakı istiqaməti üzrə 264 nömrəli reysi yerinə yetirməli olan təyyarə təhlükəsizlik məqsədilə Bakıya geri qayıtmağa məcbur olub.
Hücum zamanı hava limanında xidmət aparan əməkdaşlar – Reyhanə Vəliyeva, Zülfüqar Zülfüqarlı, Mehdi Əsgərov və sərnişin Əsəd Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara tibbi yardım göstərilib və hazırda onların müalicəsi davam edir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, şahidlərin ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.
Eyni zamanda pilotsuz uçuş aparatlarının mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar aparılır. İstintaq çərçivəsində hücumun bütün halları hərtərəfli araşdırılacaq və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görüləcək.
Baş Prokurorluq bildirib ki, mülki əhalinin və strateji infrastrukturun hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
DOĞRU.AZ


























