Bərdə şəhərində elə qudurğanlığa və müştəbehliyə yol verilib ki, onu ən korrupsioner, ən acgöz və tamahkar, xalqa münasibətində saymazyana olan məmur da etməz. Buna qudurğanlıq da demək azdır, birbaşa cinayət məsuliyyəti yaradan addımdır. Çünki toxunulmaz atributlar, dəyərlər var, onlara vandal yanaşması olanda cinayətə bərabər qiymətləndirilir.
Söhbət ondan gedir ki, Qorbaçov, Primakov, Yazov kimi canilərin qətlə yetirdiyi azərbaycanlılara ehtiram üçün qoyulan abidəni yerlə-yeksan etmək, satıb varlanmaq ən idbar hərəkətdir. Onu da Bərdənin “Pirmakov”u olan icra başçısı Vidadi İsayev edib.
Bəli, biz 1990-cı il, 20 Yanvar gecəsi azadlıq uğrunda 147 qəhrəman şəhid verdik, bu il faciənin 32 illiyi anıldı, Bakıdakı Şəhidlər Xiyabanı başda olmaqla ölkənin bütün bölgələrində şəhid abidələri ziyarət edildi, onların ruhuna dualar oxundu, qərənfillər qoyulub ehtiram göstərildi. Bəs, Bərdədə nə oldu?
Məlum oldu ki, Bərdənin “Qorbaçov”u şəhərdəki 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksi dağıdaraq yerini satıb. Bu özbaşınalığı və mənəvi baxımdan kasadlığı əks etdirən hərəkəti heç bir rüşvətxor məmur bəlkə eləməzdi, İsayev edib.
Ən dəhşətlisi 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksinin ərazisini heç kəsə yox, öz qaynı və sürücüsü olan Binyətov Çingiz Kəmaləddin oğlunun adına rəsmiləşdirib. Bərdə kimi böyük şəhərdə yer qəhət olub ki, icra başçısı şəhidlərə aid kompleksi sökdürüb yerini zəbt edib.
Bu haqda əldə etdiyimiz bilgilərə görə, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən möhürlü-ştamplı imza atılıb, ərazi İsayevin qaynına bağışlanıb. Görünür, şəhidlərə ehtiram üçün nəzərdə tutulan abidənin yerində çayxana, ya da ticarət obyekti tikmək planı olub. Siz şəhidlərə münasibətdə təhqiramiz mövqeyə, özündənrazılığa baxın!
Əlbəttə, bu təkcə xalqa deyil, dövlətə, onun rəhbərliyinə də hörmətsizlikdir. Əslində, bu informasiya səhih şəkildə Prezident Administrasiyasının Bərdə üzrə kuratoru tərəfindən dövlət başçısına məruzə edilsə, V.İsayevin sərəncamı 15 dəqiqə içində hazır olar.
Çünki Prezident bu cür nalayiq addımları qəzəblə qarşılayır və əfv etmir. Onsuz da İsayevdən boğaza yığıblar və bir neçə dəfə həbsi gündəmə gəlsə də, onun himayə edən dairələr son anda qərarın ertələnməsinə nail olublar.
Odur ki, bu kritik gərginliyi duyan Bərdənin icra başçısı sözügedən şəhidlik abidəsi ilə bağlı təcili addım atıb. Redaksiyamızı məlumatlandıran yerli sakinlərin bildirdiyinə görə, V.İsayev həmin yerin qaynına verilməsi haqda hərracın nəticələrini də, sərəncamı da etibarsız edib, ləğv olunub. Həmin sərəncam necə it-bata salınıbsa, necə qəhətə çıxıbsa, İH-nin dəhlizlərində var-gəl edənlərdən “gördüm” deyən olmayıb.
İcra başçısının qaynı isə həmin yerdən istifadə edə bilmir. Sadəcə, Bərdə “firon”u aranın sakitləşməsini gözləyir, toz-duman yatdıqdan sonra xəlvətcə sərəncamı qüvvəyə mindirəcək. O baxımdan yerli camaatın da üzərinə ictimai nəzarət yükü düşür.
Əks təqdirdə “primakov”lar, “yazov”lar fürsət gözləyirlər. Hətta V.İsayev qırmızı xətti o dərəcədə keçib ki, Prezidentin mərhum atası, sabiq dövlət başçısı Heydər Əliyevin vaxtilə dediyi “20 Yanvar faciəsi mənim şəxsi faciəmdir” cümləsini də unudub və abidə-kompleksi dağıtdırıb. Yəni, təkcə şəhidlərə, onların ailələrinə, xalqa deyil, habelə hakimiyyətə qarşı hörmətsizlik nümayiş etdirib, təxribata yol verib.